Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan SSR-in Dövlət mükafatları və C.Nehru adına Beynəlxalq mükafatın laureatı maestro Niyazinin (1912–1984) vəfatının 40-cı ildönümüdür.
Dirijor və bəstəkar Niyazi professional musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin davamçısı olmaqla bərabər, öz istedadı və gərgin əməyi sayəsində bu nəslinin şöhrətli nümayəndələrindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Niyazi həm fitri istedadına, həm musiqi sənətində xüsusi üslubuna, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa bəstəkarlardan, dirijorlardan seçilirdi. Onun interpretasiyasında klassik və müasir əsərlər ideya-emosional məzmun cəhətdən dolğun, ifadəli və yüksək temperamentlə səslənirdi.
Niyazi o dövrdə Azərbaycan bəstəkarlarının, demək olar ki, bütün simfonik əsərlərinin ilk təfsirçisi olmuşdur. Bir çox bəstəkarlarımız Niyazi məktəbi keçmişlər və bu onların inkişafında, zövqlərinin formalaşmasında çox böyük rol oynamışdır.
Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazi ilə çoxillik yaradıcılıq ünsiyyəti nəticəsində professional məharət zirvələrinə qalxmış, Azərbaycan simfonizminin əsl “yaradıcılıq laboratoriyasına” çevrilmişdir.
Respublikanın musiqi ictimaiyyəti qarşısında, Azərbaycan Bəstəkarlar İttifaqının qurultaylarında və plenumlarında gənc Azərbaycan bəstəkarlarının əsərlərinin Niyazi tərəfindən ifası musiqisevərlər üçün əsl bayram idi. Gənc bəstəkarlar Niyaziyə doğru can atırdı, axı o, yalnız dirijor deyil, həm də orkestri gözəl bilən bəstəkar idi. Ən müxtəlif yaş nəslindən olan Azərbaycan bəstəkarları öz partituralarını məhz ona göstərirdilər.
Azərbaycanın böyük ifaçılar nəslinin yetişməsində də Niyazinin böyük rolu olmuşdur. Firəngiz Əhmədova, Fidan və Xuraman Qasımova bacıları, Lütfiyar İmanov, Rauf Atakişiyev və başqa sənətkarlarımızı operaya Niyazi gətirib, onları məşhurlaşdırıb.
Milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin bəstəkar kimi xidmətləri böyükdür. Onun “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilin əlvanlığı ilə fərqlənir. Nizaminin poeması əsasında yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, xor səhnələri və orkestr epizodlarının ifadəliyi ilə seçilir. Rabindranat Taqorun dramı üzrə bəstəkarın yazdığı “Çitra” baletində isə hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestr səslənməsində hind musiqi alətlərinin ifasını xatırladan tembr nüanslarından istifadə edilmişdir.
Niyazi eyni zamanda simfonik, kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Bəstəkarlıq fəaliyyətindən danışarkən onun kino musiqisi və tamaşalar üçün yazdığı musiqi əsərlərini də xatırlamaq lazımdır.
Niyazi onlarla xarici ölkədə çıxış etmiş və Azərbaycan musiqisini yüksək səviyyədə təmsil və təbliğ etmişdir. Maestro 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru olmuş, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera” və Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermişdir. Türkiyədə Ankara Opera və Balet Teatrında P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, C.Verdinin “Aida” operalarına, İstanbul Opera Teatrında Adnan Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunus Əmrə” oratoriyasına dirijorluq etmişdir.
O, 1938-ci ildən (fasilələrlə) Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışmış, 1937–1948-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, daha sonra isə direktoru, bədii rəhbəri və baş dirijoru olmuşdur. 1979-cu ildən həyatının sonuna qədər Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifəsində fəaliyyət göstərmişdir.
Ulu öndər Heydər Əliyevin Niyazinin Mənzil-Muzeyinin açılışındakı çıxışında qeyd etdiyi kimi, “Niyazi respublikamızda, keçmiş Sovet İttifaqında, dünyanın ən böyük ölkələrində tanınan, sayılan, hörmət qazanmış bir sənət ustasıdır. Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o həm bəstəkar kimi milli musiqimizi zənginləşdirmiş, həm də bir dirijor kimi Ü.Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görmüşdür”.
Niyazi kimi sənətkarları tarix tək-tək yetirir. Azərbaycan belə övladları ilə həmişə fəxr edəcək.
Rza Bayramov
Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi