Taleyinə 55 illik ömür payı yazılmışdı. Onun da böyük hissəsi Türkiyə ədəbiyyatının öyrənilməsinə həsr olunmuşdu. Bu il tanınmış ədəbiyyatşünas, tərcüməçi Əkbər Babayevin anadan olmasının 100 illiyidir.
Əkbər Ağarza oğlu Babayev 10 iyul 1924-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. O, uşaq ikən Əhməd Cavad, Səməd Vurğun tez-tez onlara gəlir, atası ilə ədəbiyyatla bağlı söhbətlər edirdilər. Bütün bunlar balaca Əkbərdə oxumağa, öyrənməyə böyük maraq yaradır. 5 yaşında başladığı orta təhsilini 15 yaşında uğurla başa vurur. Yaşı az olduğundan ali məktəbə sənəd verə bilmir. Atası onun sənədlərində düzəliş etdirir və yaşını bir il artırırlar. Əkbər 1939-cu ildə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur.
Onun da gəncliyi qanlı-qadalı illərə təsadüf edir. II Dünya müharibəsi başlayır. Əkbər Babayev hərbi tərcüməçilik kursuna yazılır. Kursu bitirdikdən sonra cəbhəyə göndərilir. 1942-ci ildə Ukraynanın Xarkov şəhərinin müdafiəsi uğrunda döyüşlərin birində ağır yaralanır. Sağaldıqdan sonra Bakıya dönür və təhsilini davam etdirir. Azərbaycan Radio Verilişləri Komitəsində də çalışır. Hazırladığı məzmunlu publisistik materiallarla dinləyicilərin rəğbətini qazanır.
Əkbər Babayevdə gəncliyindən tədqiqatçılığa maraq vardı. Türk xalqlarının ədəbiyyatını araşdırmaq istəyirdi. 1946-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Türk şöbəsi nəzdində aspiranturaya qəbul olunur. Akademik V.Qordlevskinin rəhbərliyi altında Nazim Hikmətin yaradıcılığı mövzusunda dissertasiya üzərində işləyir. Eyni zamanda Moskva Radio Verilişləri Komitəsində fəaliyyət göstərir. 1947-ci ildə atası “pantürkist” kimi həbs edilir və 25 illiyinə azadlıqdan məhrum olunur. Bu gözlənilməz hadisə Əkbər Babayev dərindən sarsıtmaqla yanaşı, onun elmi fəaliyyətinə də təsirsiz ötüşmür.
Məlum olduğu kimi, görkəmli türk şairi və dramaturqu Nazim Hikmət 1951-ci ildə SSRİ-yə mühacirət edir. Onun Moskvaya gəlişi Əkbər Babayevin elmi yaradıcılığına əlavə təkan verir. Hazır olan dissertasiyanın müdafiəsinə imkan yaradılır. Hətta Nazim Hikmətlə əlaqə yaratmasına icazə verilir.
Tanınmış alimlərin təklifi ilə bu sahədə tədqiqatlarını davam etdirən Əkbər Babayev Nazim Hikmətin 8 cildlik seçilmiş əsərlərinin nəşrinə rəhbərlik edir. Səmərəli elmi-tədqiqat və ədəbi yaradıcılıq fəaliyyəti ilə yanaşı, Türkiyə ilə ədəbi və mədəni əlaqələrin genişlənməsi sahəsində faydalı xidmət göstərir.
Şərqşünaslıq İnstitutunda apardığı elmi işlə yanaşı, Əkbər Babayev istedadlı tərcüməçi kimi də fəaliyyət göstərir. Nazim Hikmət, Əziz Nesin və başqa türk ədiblərinin əsərlərini rus dilinə tərcümə edir. Həmçinin digər tərcümə əsərlərinin redaktəsi ilə məşğul olur.
Əkbər Babayev Azərbaycan ədəbiyyatı nümunələrinin də rus dilinə tərcüməsi və Moskva nəşriyyatlarında çapı sahəsində də yorulmadan çalışır. “Azərbaycan poeziyası antologiyası”nın Xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə Moskvada rus dilində çap etdirməsi onun bu sahədəki xidmətlərindəndir. Türkoloq ömrünün sonunadək Moskvada Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərib, Azərbaycan elminin və ədəbiyyatının ittifaqın mərkəzində təbliğinə böyük töhfə verib.
Araşdırmalardan qeyd olunur ki, Əkbər Babayev Türkiyəyə mənən çox bağlı olub. Bu məhəbbəti onda həm də Nazim Hikmət oyadıb. Onun Türkiyə ədəbiyyatı və mədəniyyətinə həsr etdiyi elmi əsərlərində bu məqam çox aydın görünür. Alimin evinə gələn hər kəs özünü Türkiyədəki kimi hiss edərmiş. Çünki qonaq otağını məşhur türkiyəli müğənni Əməl Sayının hədiyyə etdiyi imzalı böyük posteri, Nazim Hikmətlə çəkdirdiyi fotoşəkil, türk yazıçılarının kitabları və s. bəzəyirmiş.
М.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Əziz Şərif tanınmış türkoloqdan bəhs edərkən deyib: “Əkbər başqa bir zəmanədə dünyaya gəlməliydi, o bu dövrün adamı deyil...”.
Ötən əsrin 70-ci illərində Türkiyə Yazıçılar Birliyinin sədri Əziz Nesin və Fazil Hüsnü Dağlarca ona ölkəyə gəlmək üçün dəvət göndərirlər. Amma Əkbər Babayevə Türkiyəyə getməyə icazə verilmir. O hər dəfə Türkiyəyə gedən dostlarına “İstanbula mənim də gözümlə baxarsız...” deyərmiş.
Əkbər Babayev 12 sentyabr 1979-cu ildə Moskvada vəfat edib.
Savalan Fərəcov