Multiplikasiya və animasiya nümunələri kinematoqrafdan çox-çox əvvəl meydana gəlib. Hərəkətin şəklini çəkmək cəhdləri hələ qədim dövrün qayaüstü rəsmlərində özünü büruzə verib. İlk bəsit multiplikasiya nümunələri isə XIX əsrdə meydana çıxıb. Belçikalı fizik Jozef Plato, avstriyalı həndəsə professoru Simon fon Ştampfer və digər alimlər, ixtiraçılar təsvirlərin ekranda hərəkət etməsinə nail olmaqdan ötrü fırlanan disk və ya rəsmli lentdən, güzgülər sistemindən və işıq mənbəyindən istifadə edirdilər. Bu gün animasiyanın kinematoqrafik, rəsmli, fleş, kadraltı, kukla, plastilin, qum, üçölçülü kompüter animasiyası kimi növləri var.
Azərbaycan animasiyasının yaşı çox olmasa da, kifayət qədər zəngin tarixi var. Ölkəmizdə animasiya necə inkişaf yolu keçib, dünya animasiyasında hansı müasir tendensiyalar müşahidə olunur? Azərbaycan Kinosu Günü ərəfəsində bu kimi suallarla animasiya ustalarımız Elçin Hami Axundova və Cavid Əhədova müraciət etdik.
Animasiyamızın alman pionerləri
Elçin Hami Axundov: “İlk animatorlarımızdan olan Qəzənfər Xaliqov, Cabir Zeynalov, Ənvər Mirzəyev və Maqomed Maqomayevlə işləmişəm. Onlarla söhbətlər əsnasında iki alman animator haqqında da eşitmişdim. Alman animatorlar 1933-cü ildə ilk animasiya filmimiz olan və xaricdən alınmış yeni neft avadanlıqlarının işindən bəhs edən “Çat” sənədli animasiya filminin çəkilisində də iştirak etmişdilər. Azərbaycan animasiyasına töhfələri olsa da, təəssüf ki, adları heç bir mənbədə qeyd edilməyib. 30-cu illərdə repressiyaya məruz qalıb Qazaxıstana sürgün ediliblər. Bədii animasiya filmimiz olan “Əhmədin bəlası”nın, səhv etmirəmsə, plyonkası qalmayıb, “Çat” filminin plyonkası isə qalıb...”.
Adın əhəmiyyəti varmı?
Animasiya canlanma deməkdir, multiplikasiya çoxalma. Multiplikasiyanı, sadəcə, bir tamaşaçı və ya bir mütəxəssis kimi sevən hər bir şəxsi belə bir sual maraqlandırmaya bilməz: bizim bu sənətə aid tariximizdə hansı daha çoxdur – canlanma, yoxsa çoxalma? Əlbəttə, sual özündə animasiya qanunlarının təyinindən savayı daha dərin mətləb olan ümumilikdə sənətə yanaşmanı nəzərdə tutur. Azərbaycanda multiplikasiya və animasiya paralel gedib. 90-cı illərdə cizgi filmi ifadəsi dəb düşmüşdü. Elçin müəllim deyir ki, bu düzgün anlayış, ifadə deyil. Cizgi qrafik işə deyilir. Ən düzgünü animasiyadır, yəni canlandırma. İstənilən əşyanı canlandırmaq olar.
Bu sahə nələrdən keçib?
Elçin müəllim 60-cı illərdən bəri animasiyamızın müxtəlif dövrlərinin şahididir. Təbii ki, müəyyən müqayisələr edib, hansısa qənaətlərə gəlməmiş deyil.
“…Məyusluq hissi xeyli dərəcədədir. Çünki mən 2000-ci ildə “Azanfilm” studiyasının direktoru təyin edildim və o studiyanın rəhbəri olduğum 12 il ərzində animasiyamızın inkişaf ritmini davam etdirməyə çalışdım, amma buna şərait yaradan olmadı. Ona görə ümumilikdə kinomuz və xüsusən də animasiyamız tənəzzül nöqtəsinə gəlib çatdı. Onsuz da 90-cı illərdə animatorlarımızın hərəsi bir tərəfə dağılmışdı. Dolanışıqlarını təmin etmək üçün animasiyaya aidiyyəti olmayan fəaliyyət sahələrinə üz tutmuşdular. Halbuki, hər biri bacarıqlı və təhsilli animator idi. O illərdə yaxşı ki “Azanfilm”in direktoru Aydın Abdullayev vətənpərvər, imkanlı insanlarımızın bu sahəyə müəyyən dəstək olmasına şərait yaradırdı. 90-cı illərin əvvəllərində bir neçə film onların təqdim etdiyi vəsait hesabına çəkildi. Ümumiyyətlə, həmin dövrdə bu sənətə diqqət olsaydı, animasiyamızı çox irəli apara bilən kadrlarımız kifayət qədər idi. Mənim özümün də kurslarım vardı. Yaradıcılıq, bilirsiniz, harda qurtarır? Rejissor, rəssam, operator, bəstəkar və aktyor, bizim sahəmizdə animator. Bunların arasında yaradıcı əlaqə itəndə ortaya layiqli iş çıxmır. Animator çox nadir bir sənətdir, o həm aktyordur, həm də rəssamdır. Ondan sonrakı mərhələni işləyən rəssamlar texniki rəssamlardır – cildci rəssam, kontur rəssamı, rəngkar rəssam – bunlar texniki işçilərdir. Animator isə sırf yaradıcı şəxsdir.
Milli animasiyanın inkişafına aid proqram təqdim etmişdim. Proqram bundan ibarət idi ki, kastinq keçirib 20 nəfəri qəbul edirik, iki il ərzində onlara animasiya sənətini öyrədirik, kurs tamamlanandan sonra biz onlarla tammetrajlı filmlər, ya da silsilə filmlər çəkməyə başlayırıq. Çünki kino bazarlarında 5-10 dəqiqəlik film keçərli deyil, ya gərək silsilə film olsun, ya da tammetrajlı. Bu daha effektli olur. Amma imkan yaradılmadı, vəsait ayrılmadı ki, o kurslar açılsın. Halbuki, kurslar fəaliyyətə başlasaydı, indi bizim çoxlu yeni nəsil animatorlarımız olardı. Uşaqlar onların ərsəyə gətirdikləri filmlər sayəsində daha mükəmməl təfəkkürlü insan kimi böyüyüb boya-başa çata bilərlər. Çünki milli kadrların ərsəyə gətirdikləri animasiya filmləri sayəsində folklorumuzu, dilimizi, mədəniyyətimizi düzgün şəkildə mənimsəmək imkanları olar. Azərbaycan dilində animasiya filmləri uzun müddət çəkilmədiyinə görə uşaqlarımız türk, rus, ingilis dilində animasiyaya baxmalı oldular.
Mən çox şadam ki, yeni mədəniyyət nazirimiz Adil Kərimli bu sahəyə diqqət göstərir. İnanıram ki, başlanan işlər davamlı olacaq. Bu inama möhkəm zəmin var...”.
Memarlıq və ədəbi abidələrin miniatür konstruksiya fiqurlarının hazırlanması, uşaqlar üçün “Özün düzəlt” kitablarının tərtibi ilə də məşğul olan Elçin Hami Axundov animasiya festivalının təkcə Bakıda deyil, bölgələrdə də keçirilməsini, animator kurslarının təşkil edilməsini arzulayır.
Canlandırma sənətində canlı insan əlinin rolu
Animator Cavid Əhədov animasiyanın yeni tendensiyalarına misal kimi 2D formatı ilə 3D formatının bir-birilə uzlaşdırılaraq tətbiqini, həmçinin animasiya elementlərindən bədii kinoda istifadəni qeyd edir. Vurğulayır ki, kompüter qrafikası ilə animasiya arasında fərqin unudulması halları ilə tez-tez qarşılaşmağımız təəssüf doğurur, başqa sözlə, animasiyanın eskizi, fiquru, əşyanı canlandırma sənəti olması arxa plana atılır. Animasiya elə bir janrdır ki, onun qanunlarına uyğun təxəyyülə malik yaradıcı şəxs hər hansı məhdudiyyətsiz bütün ideyaları reallaşdıra bilər. Halbuki, məsələn, sənədli və bədii kino haqqında bunu deyə bilmərik.
Animator deyir ki, əvvəllər animasiyada ekler metodundan istifadə olunurdu. İdeya ondan ibarət idi ki, əvvəlcə əsl aktyorlar çəkilir, sonra animatorlar kadrları əl ilə kağıza köçürür, kadrların konturları çəkilir və yenidən lentə alınırdı. Bu üsulla gözəl sənət nümunələri ərsəyə gətirməkdən savayı, hərəkəti ekrana, ekrandan tamaşaçıya ötürmək prosesi xeyli dərəcədə sadələşdirilirdi. Müasir dövrdə bu metodu kompüter texnikası əvəz edir. Burada imkanlar daha genişdir və daha maraqlı, daha baxımlı işlər ortaya qoymaq olar.
***
Nəticə olaraq, şübhəsiz ki, bütün peşəkar, zövqlü, duyğulu animasiya ustalarının bu sənətə yanaşmasıını ifadə edərək bildirək ki, animasiya karandaşla xətlər çəkmək demək deyil. Animasiya bu işlə məşğul olan şəxsin öz içində gizlənib qalmış xətti tapıb açıb göstərmək bacarığıdır. Bu bacarıq olmasa, yalnız ağıl və dərrakə ilə çəkilən xətlər heç bir hekayə danışmayacaq. Bu mənada virtual reallığa aludəçilik buxovuna düşməmək vacibdir.
Samirə Behbudqızı