Avqustun 2-də Azərbaycanda kinonun yaranmasının 126-cı ildönümü tamam olur. Bu gün kino işçilərinin peşə bayramı kimi təqvimimizə yazılıb. Əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.
Ulu öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixində imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.
Azərbaycan kinosunun keçdiyi yol bu gün fəxr etməyə dəyən nəticələrlə dolu bir tarixdir. Kinomuzun bayramı hər il müxtəlif tədbir və təqdimatlarla yadda qalır. Bu həm də keçilən yola nəzər salmağa imkan, yeni arzulara, məqsədlərə doğru yolların axtarışına vəsilədir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində təntənəli tədbir keçiriləcək.
Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.
Tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində uğurlu fəaliyyət göstərən bir qrup kinematoqrafçı mükafatlandırılacaq.
Həmçinin nazirliyin sifarişi ilə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən istehsalı həyata keçirilən qısametrajlı filmlər nümayiş etdiriləcək.
***
Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) müxtəlif nominasiyalar üzrə ənənəvi mükafatı da sahiblərinə təqdim ediləcək.
AKİ-nin katibi Əli İsa Cabbarov bildirib ki, mükafat milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə verilir. Seçim aparılarkən ötən kino mövsümü ərzində gedən proses diqqətlə təhlil edilir.
İttifaqın 2024-ci il üçün mükafatına dörd nəfər layiq görülüb:
Əli-Səttar Quliyev (rejissor, prodüser) – “Olimpia”, “Sanki yoxsan” filmlərinin uğurlu prodüser işinə görə;
Rasim Cəfər (aktyor) – “Mən burdayam, İlahi!” bədii filmində Teymur roluna görə;
Emil Nəcəf (prodüser) – müəllif kinosunun inkişafına töhfələrinə görə;
Orxan Mərdan (prodüser) – “Səma ilə görüş” bədii filminin uğurlu prodüser işinə görə.
Tədbirdə eyni zamanda AKİ tərəfindən keçirilən “Arxa cəbhənin insanları” qısametrajlı bədii film üzrə ssenari müsabiqəsinin mükafatçıları da təltif ediləcək.
Qeyd edək ki, bu ilin yanvarında elan edilən müsabiqəyə 50 ssenari qəbul olunub. Münsiflər heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılıb. I yer üçün 2000 manat, II yer üçün 1500 manat, III yer üçün 1000 manat mükafat nəzərdə tutulmuşdu.
Münsiflərin dəyərləndirməsindən sonra dörd film III yerə layiq görülüb: “Qısa paslar, uzun peşmanlıqlar” (Hacı Səfərov); “Əsgər çəkmələri” (Leyla Nəsibli); “Köhnə soba” (Asif Qəhrəmanov); “Tarla qızları” (Elxan Xanəlizadə). I və II yerlər üçün mükafatlar verilməyib.
Lalə