Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) təşəbbüsü, Aktivist Rəssamlar Assosiasiyasının təşkilatçılığı ilə “İstedad sorağında” adlı kitab-kataloq çapdan çıxıb.

“Dünyanı sənət xilas edəcək” layihəsi çərçivəsində çap olunan nəşrin layihə rəhbəri UASB-nin Azərbaycan təmsilçisi, rəssam Nəvai Mətindir. Nəşrin məsləhətçiləri Türkiyədən şair-heykəltaraş Ümit Yaşar İşıkhan və ölkəmizdən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevdir.

Kitab-kataloqda ölkəmizdən 5-18 yaş arasında istedadlı uşaq və gənclərin rəsmləri yer alıb.

İyulun 31-də Bakıdakı “SedetArt Gallery”də kitab-kataloqun təqdimatı və nəşrdə adı keçən müəlliflərin əl işlərindən ibarət sərgi təşkil olundu.

Tədbirdə çıxış edən Nəvai Mətin, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov və başqaları müəlliflərə yaradıcılıq uğurları arzuladılar.

Bildirildi ki, nəşrin əsas məqsədi istedadlı uşaqları üzə çıxartmaq, onların yaradıcılığına stimul verməkdir.

Sonra iştirakçılara sertifikatlar təqdim olundu. Kataloqun hazırlanmasında əməyi keçənlərə UASB-nin təşəkkürnamələri təqdim edildi.

Sonda qonaqlar sərgi ilə tanış oldular.

L.Azəri