Quba Soyqırımı Memorial Kompleksində “Qədim Şabranın yaşayış mədəniyyəti” adlı sərgi açılıb.

Sərgi Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Ekspozisiyada “Çıraqqala-Şabran” qoruğuna aid, qədim Şabran şəhərinin qalıqları arasından aşkar edilmiş onlarla maddi mədəniyyət nümunəsi, dəmir və dulusçuluq məhsulları nümayiş olunur.

Ziyarətçilər üçün “Çıraqqala-Şabran” qoruğuna daxil olan abidələr və onların tarixləri barədə videoçarxlar nümayiş etdirilir.

Sərgi avqust-sentyabr ayları ərzində hər gün saat 10:00-dan 16:00-a kimi ziyarət üçün açıq olacaq.

Bununla yanaşı, kompleksdə arxeoloqların iştirakı ilə Qafqaz Albaniyası mədəniyyəti, şəhərsalma ənənələri və s. mövzularda dərslər təşkil olunacaq. Dərslərdə regionun tarixlə əlaqəli müəssisələrinin əməkdaşları, tələbə və gənclər, mədəniyyət işçilərinin iştirakı nəzərdə tutulub.