Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən, Nərimanov rayonunda salınan yeni parkdır.
“Anten” parkı kimi tanınan (sovet dövründə ərazidə müxtəlif təyinatlı hündür anten dirəkləri qurulmuşdu) bu ərazi son illər baxımsız vəziyyətdə olub. Parkın yenidən qurulması və bərpası ilə əlaqədar burada yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olunub ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin iki fəvvarə quraşdırılacaq. Bu da məkana əlavə gözəllik verəcək.
Parkın ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. İşıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirilib ki, yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlətimizin başçısına eyni zamanda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verilib. Qeyd olunub ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yeni park həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.