Ağ-qara xronika və qısa süjetlərlə başlanan yol

 

2 avqust Azərbaycan Kinosu Günüdür. 1898-ci il avqustun 2-də Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjetin kütləvi nümayişini təşkil edib. Bu əlamətdar hadisə ilə Azərbaycanda kinonun tarixi başlanıb.

Beləliklə, dünyada kinonun yaranma tarixi sayılan 1895-ci ildən (Parisdə Lümyer qardaşlarının ilk kinosüjetləri nümayiş etdirməsi) cəmi üç il sonra bu möcüzəli sənət Bakıda da peyda olub.

Sonrakı illərdə sənədli süjetlər tədricən irihəcmli kinolentlərə, bədii filmlərə yol açıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filmi ekrana çıxıb. Film İbrahim bəy Musabəyovun əsəri əsasında fransalı Pirone qardaşlarının şəhərdə yaratdıqları “Filma” səhmdar cəmiyyəti tərəfindən Bakı milyonçularının vəsaiti hesabına lentə alınmışdı. 1923-cü ildə Bakıda ilk dövlət kinofabriki (hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) yaradılıb.

Ötən dövrdə Azərbaycan kinosu böyük inkişaf yolu keçib. İlk kinosüjetlərlə başlanan sinema yolunun tarixi isə unudulmur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncamla 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.

Hər il kino işçilərinin peşə bayramı müxtəlif tədbir və təqdimatlarla yadda qalır. Bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində təntənəli tədbir keçiriləcək, Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən yeni ekran əsərlərinin təqdimatı olacaq.

Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) tərəfindən mükafatlar da təqdim ediləcək.

Yeri gəlmişkən, uzun fasilədən sonra kino ictimaiyyəti peşə bayramını iki ayrı təşkilatda və ayrı məkanlarda deyil, vahid təşkilatda və bir arada qeyd edir. AKİ əlamətdar gün ərəfəsində ənənəvi mükafatlarının laureatlarını da elan edib.

Mədəniyyət tariximiz üçün əlamətdar gün – Azərbaycan Kinosu Günü münasibətilə bu peşəyə könül verən, ömrünü həsr edən hər kəsi təbrik edirik. Kinosevərlərə isə milli kinematoqrafın nümunələrini daha çox seyr etməyi arzulayırıq.