Yaxşı müəllim biliklə yanaşı, ümid, ilham və təxəyyül mənbəyidir. Müəllimlik peşəsi hər bir cəmiyyətin inkişafında, mənəvi və mədəni irsinin qorunmasında və gələcək nəsillərin formalaşmasında müstəsna rola malikdir. Müəllim yalnız bilik verən deyil, eyni zamanda ruhları qidalandıran, yaradıcı düşüncəni inkişaf etdirən və həyat yollarını işıqlandıran bir bələdçidir.
Bütün səmimiyyətimizlə deyə bilərik ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva bu cür dəyərli müəllimlərdəndir. Milli-mədəni irsimizin yorulmaz tədqiqatçısı və təbliğatçısı kimi tanınan Kübra Əliyeva 45 ildən artıq müddətdə müəllim kimi çalışaraq yüzlərcə rəssam, sənətşünas və dizayner yetişdirib, yüksəkixtisaslı kadrlar hazırlayıb.
Tanınmış xalça ustası, Xalq rəssamı Lətif Kərimovun tələbəsi və layiqli davamçısı olan, Lomonosov adına Moskva Dövlət Universitetində professor N.V.Vasilenkonun yanında təcrübə keçən Kübra Əliyeva 50 ildən artıqdır ki, həyatını xalçaçılıq sənətinə həsr edib. O, “Azərbaycanın xovsuz xalçaları”, “XVI-XVII əsr Təbriz xalçaçılıq məktəbi” (iki dildə), “Azərbaycanın xovsuz məişət əşyaları”, “Kamil Əliyevin yaradıcılığı”, “Lətif Kərimovun həyat və yaradıcılığı”, “Azərbaycan ərazisində yaşayan talışların həsirtoxuma sənəti” (üç dildə), “Xalı və xalçaçılıq terminləri lüğəti” kimi ümumilikdə 12 kitabın və 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir.
Kubra xanımın 2019-cu ildə işıq üzü görmüş “Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrinə aid seçilmiş məqalələr toplusu” onun çoxistiqamətli tədqiqatlarının nəticəsini özündə birləşdirir.
Kübra Əliyevanın elmi tədqiqatçılıq fəaliyyətində Qafqaz Albaniyası incəsənəti mühüm yer tutur. O, bölgələrə səfərlər edərək Qafqaz Albaniyasına aid maddi mədəniyyət abidələrini tədqiq edir və yerli əhalinin məşğuliyyəti, dünyagörüşü, toxuculuq sənəti haqqında maraqlı faktlar toplayır. Bu faktlar Qafqaz Albaniyası mədəniyyətinin və onun genetik yaddaşımızın alt qatlarında qorunub saxlanılmış təzahürlərini tədqiq və izah etmək baxımından böyük elmi əhəmiyyət kəsb edir.
Kubra xanımın elmi yaradıcılığı layiqincə qiymətləndirilib və haqqında xoş sözlər deyilib. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru akademiyanın müxbir üzvü, professor Ərtegin Salamzadə onun elmi işlərini yüksək dəyərləndirərək yazır: “Kübra Əliyevanın əsas elmi işləri haqlı olaraq AMEA-nın müxbir üzvü, Təbriz miniatür boyakarlığı məktəbinin tədqiqatçısı K.Kərimovun, AMEA-nın müxbir üzvü, Təbriz memarlıq məktəbinin tədqiqatçısı Cəfər Qiyasinin fundamental əsərləri ilə bir sırada öz layiqli yerini tutmuşdur. K.Əliyevanın elmi fəaliyyəti sayəsində Təbriz bədii məktəbinin problematikası Azərbaycan sənətşünaslığında bitkin, tam xarakter almışdır.”
Professor Kübra Əliyeva Azərbaycan mədəniyyətinin və sənətinin öyrənilməsi və təbliği sahəsində böyük işlər görüb və elmi irsi ilə yeni nəsillərə örnəkdir. Onun elmi əsərləri yalnız keçmiş mədəni mirasımızın öyrənilməsi deyil, həm də gələcək araşdırmalar üçün bir yol xəritəsidir. Onun açdığı yol biz yeni tədqiqatçılar nəsli üçün ilham qaynağıdır.
Kübra xanımla mənim aramızdakı bağ təkcə şəxsi deyil, həm də elmi tədqiqatlar və araşdırmalar üzərində qurulub. Onunla birlikdə bir sıra tədqiqat işlərini işlərini paytaxtla yanaşı, bölgələrimizdə də aparmışıq. Bu məqsədlə kənd-kənd, ev-ev gəzərək araşdırmalarımızı həyata keçirmişik. Bununla da kifayətlənməyib, ölkə sərhədlərini aşaraq Dağıstan ərazisində də xalçaçılıq üzrə qədim sənətlərin tədqiqi ilə məşğul olmuşuq. Bu tədqiqatlar zamanı insanların evlərində, kəndlərdə, arxivlərdə və zirzəmilərdə saxlanılan sənət nümunələrini ortaya çıxarmışıq. Kübra xanımın yanında olmaq və onunla birgə bu işdə əməkdaşlıq etmək mənim üçün böyük bir şans və qürur mənbəyidir. Eyni zamanda onun yetirmələrindən biri olmağımla fəxr edirəm.
Kübra Əliyevanın yaradıcılığı, gələcək nəsillərə dəyərli bir miras olaraq qalacaq.
Bu kiçik yazıda yorulmaz tədqiqatçı, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın bir alim kimi portretini əks etdirməyə çalışdıq. Bütün tələbələri tərəfindən sevilən, köklü ziyalı bir nəslin davamçısı olan tədqiqatçı-alimin bundan sonra da elmi nailiyyətlərə imza atacağına inanırıq.
Kübra xanımın dərin biliyi və tükənməz enerjisi, tədqiqatçılığa bağlılığı gələcək nəsillərə nümunə olacaq. Onun elmi irsi və sənətə olan sevgisi, Azərbaycan mədəniyyətinin inkişafında yeni üfüqlər açacaq və bu sahədə çalışan hər kəs üçün ilham mənbəyi olacaq. Kübra Əliyeva ilə eyni dövrdə yaşamaq və onun işinə şahid olmaq bizim üçün böyük bir şərəfdir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanı ad günü və 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, fərəhli ömür, elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.
Səkinə Z.Bağırova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam