Görkəmli elm və mədəniyyət xadimi, akademik Rafael Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev avqustun 7-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Rafael Baba oğlu Hüseynov Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə yüksək dövlət təltifinə layiq görülüb.
Ədəbiyyatşünas, şərqşünas, yazıçı-publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Rafael Hüseynov 1993-cü ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.
“Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti Gəncəvi – özü, sözü, izi”, “Yoxdan var”, “Əbədi Cavid”, “Hamısı ulduz. Musiqi tariximizin səhifələri” və s. kitabların, eləcə də monoqrafiya və dərs vəsaitlərinin, yüzlərlə elmi və publisistik məqalənin, televiziya və radio verilişinin, bir neçə sənədli-publisistik filmin müəllifidir.
Fəal ictimai xadim kimi də tanınan alim beş dəfə (2000-ci ildən), 2–6-cı çağırış Milli Məclisin deputatı seçilib.
Avqustun 12-də Rafael Hüseynovun 70 yaşı tamam olur.
Akademik Rafael Hüseynovu yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edirik.