Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.

“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420-si imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb.

Qeyd edək ki, avqustun 9-da qeydə alınmış namizədlərin təşviqat kampaniyası başlayıb. Parlament seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazisində, 125 seçki dairəsində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə 34 seçki məntəqəsi fəaliyyət göstərir. Ölkə üzrə namizədlərin təşviqat aparması üçün, qapalı və açıq məkanlar da daxil olmaqla, ümumilikdə 5509 ünvan müəyyənləşib.