Arif Məlikovun doğum günündə sevilən nəğmələri səslənəcək
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında sentyabrın 13-də dünyaşöhrətli bəstəkar Arif Məlikovun sevilən mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Filarmoniyanın Kamera orkestri və Estrada ansamblının müşayiəti ilə keçiriləcək konsertdə bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, “Günəş ürəkli” və digər unudulmaz mahnıları ifa ediləcək.
Pianoçu Ülviyyə Kazımova Arif Məlikovun əsərlərindən “Ötən anlar” silsiləsini və 3 vals ifa edəcək.
Qeyd edək ki, sentyabrın 13-cü Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Məlikovun (1933–2019) anadan olmasının 91-ci ildönümüdür. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya kimi irihəcmli əsərlərin müəllifi olan, kino və tamaşalara musiqi yazan bəstəkar zəngin mahnı yaradıcılığı ilə də incəsənət tariximizə böyük töhfələr verib.