Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurları davam edir. Ötən həftə qazanılan iki qızıl medala bu həftə içində daha üç medal əlavə olunub.
Xəbər verildiyi kimi, avqustun 7-də Azərbaycanın aktivinə növbəti medalı taekvondoçu Qaşım Maqomedov (58 kiloqram çəki dərəcəsi) yazdırıb. Final görüşündə ayağından zədə alan təmsilçimiz gümüş medalla kifayətlənməli olsa da, mübarizliyi ilə böyük rəğbət qazanıb.
Avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram çəki dərəcəsi) 3-cü yer uğrunda qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib olub. Bu, Azərbaycan güləşçilərinin “Paris-2024”də ilk medalıdır.
Avqustun 9-da Azərbaycana növbəti gümüş medalı isə boksçu Alfonso Dominqes gətirib. 92 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı rəqibinə məğlub olaraq ikinci yerlə kifayətlənib.
Avqustun 10-da Azərbaycanın son iki idmançısı "Paris-2024də mübarizəyə başlayır. Sərbəst güləşçilər - Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.
"Paris-2024" XXXIII Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.