Sentyabrın 6-dan 11-dək Tatarıstanın (RF) Kazan şəhərində XX “Altın minbər” Beynəlxalq Film Festivalı keçiriləcək.
Bu il festivalın təşkilat komitəsinə 47 ölkədən müraciət olub, müsabiqə proqramına 27 ölkədən 51 film salınıb. “Tammetrajlı bədii film”, “Qısametrajlı bədii film”, “Sənədli filmlər” və “Animasiya filmləri” proqramlarının hər birində 10 film, Tatarıstan istehsalı olan və Tatarıstan haqqında filmlərin salındığı “Milli müsabiqə”də isə 11 film iştirak edəcək.
Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Türkiyə kinematoqrafının təmsilçiləri festivalın ən çox gözlənilən qonaqları olacaq. Rusiyada da populyar olan “Möhtəşəm yüz il” və “Diriliş Ərtoğrul” seriallarında çəkilmiş aktyorların Kazana gəlişi vəd edilib. “Diriliş Ərtoğrul” serialının quruluşçu rejissoru Mətin Günayın isə “Altın minbər” festivalında münsiflər heyətinin sədri olacağı bildirilir.
Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, dini inanclara hörmət və humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir. “Altın minbər”ın açılışında İran rejissoru Babək Hacıpaşanın “Ağacın ağuşunda” filmi nümayiş olunacaq.
Festival çərçivəsində təşkil olunacaq işgüzar meydanda regional bazar, kino layihələrin pitçinqi, “Kinematoqrafın dünya trendləri” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Əvvəlki festivallardan fərqli olaraq, bu il festival filmlərinə bilet satılacaq. Təşkilatçılar bu fikirdədir ki, simvolik qiymətə satılan bilet tamaşaçıların hansı filmlərə tələbatı və marağı olduğunu müəyyən etməyə imkan verəcək.
Festival nümayiş coğrafiyasını da genişləndirir. Müsabiqə və müsabiqədənkənar proqramlara daxil edilmiş filmlər sonradan Tatarıstanın 43 rayonunda göstəriləcək.
Xatırladaq ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəklədiyi kino layihələri siyahısına daxil olan “Altın minbər” festivalı “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında 2005-ci ildən keçirilir.
Gülcahan