Olaylar, faktlar (12 – 18 avqust)
219 il əvvəl...
12 avqust 1805-ci ildə Rusiya-İran müharibəsi (1804–1813) gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar. Lakin general Pavel Sisianovun qoşunları müvəffəqiyyət qazanmayaraq geri çəkilib. 1806-cı ilin yanvarında Şirvan xanlığını da işğal edən rus qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar aparılan zamanı general Sisianov öldürüldü. Ruslar 1806-cı ilin oktyabrında Bakını aldılar.
118 il əvvəl...
16 avqust 1906-cı ildə Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının III qurultayı başlayıb. Avqustun 20-dək davam edən qurultayda Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri seçilib.
105 il əvvəl...
18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkə sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Hərbi Nazirliyin tərkibində ilk sərhəd qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə 18 avqust “Sərhəd qoşunları günü” elan edilib.
77 il əvvəl...
14 avqust 1947-ci ildə Britaniyanın müstəmləkəsi olan “Britaniya Hindistanı” ərazisində iki dövlət – Hindistan və Pakistan yaranıb. Pakistanın tərkibinə müstəmləkənin şimal-şərq və şimal-qərb bölgələri daxil olub. “Hindistan İttifaqı” adı altında üç il mövcud olan dövlət isə 1950-ci ildə (26 yanvar) Hindistan Respublikası elan edildi. Odur ki, Pakistandan fərqli olaraq, Hindistan dövlət bayramını 26 yanvarda qeyd edir. 1971-ci ildə Şərqi Pakistanda Banqladeş dövləti yarandı və o da müstəqilliyini elan etdi.
63 il əvvəl...
13 avqust 1961-ci ildə “Berlin divarı”nın tikintisi başlanıb. II Dünya müharibəsindən sonra Almaniyanın ikiyə bölünməsi ilə Berlin şəhəri sektorlara ayrılmışdı. Şərqi Berlin (sovet sektoru) ADR-in paytaxtı olmuş, Qərbi Berlin AFR-in ərazisində qalmışdı. 1945–1961-ci illər ərzində Şərqi Almaniyadan təxminən 2 milyon nəfər Qərbi Almaniyaya qaçmışdı. Uzunluğu 45 kilometr olan “Berlin divarı” bu prosesin qarşısını aldı. Berlin divarı 1989-cu ildə, Almaniyanın birləşməsindən bir il öncə söküldü.
32 il əvvəl...
15 avqust 1992-ci ildə Azərbaycanda milli valyuta – manat dövriyyəyə buraxılıb. Milli valyutanın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmışdı. 1992-ci ildə 1, 5, 10, 250 manatlıq, 1993-cü ildə 50, 100, 500, 1000 manatlıq pul vahidləri tədavülə buraxılıb. 1994-cü ilə qədər manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib.
25 il əvvəl...
17 avqust 1999-cu ildə Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib. Gecə saat 3 radələrində meydana gələn və episentrdə (Gölcük) 7,6 bal gücündə hiss edilən fəlakət İstanbul, Bursa, Sakarya, Bolu, İzmit, Yalova və s. şəhərlərdə böyük dağıntı və insan tələfatına səbəb oldu. Rəsmi statistika üzrə zəlzələ qurbanlarının sayı 17500 nəfər göstərilmişdi.
Hazırladı: V.Orxan