Muğam sənəti tariximizdə özünəməxsus yeri olan klassik ifaçılardan biri də Keçəçioğlu Məhəmməddir. Qarabağ muğam məktəbinə mənsub böyük sənətkarlar sırasında yer tutan xanəndə coşqun ifaçılıq fəaliyyəti dövründə ulu sənətin təkrarsız ənənələrini layiqincə yaşadıb, Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr bəxş edib.

Bu il görkəmli sənətkarın anadan olmasının 160 illiyidir.

“Keçəçioğlu” adı ilə tanınan Məhəmməd Məşədi Xəlil oğlu 1864-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Məşədi Xəlil tanınmış keçə ustası olub. Gənc Məhəmməd musiqiyə olan böyük həvəsi ilə yanaşı, atasından keçəçilik sənətini də öyrənir. Xalq arasında Keçəçioğlu Məhəmməd kimi tanınır.

Deyilənə görə, günlərin bir günü görkəmli musiqi xadimi Xarrat Qulu səhər evdən fikirli çıxır. Yolu təsadüfən həmin keçəçi dükanının qarşısından düşür. Həzin bir zümzümə onu fikrindən ayırır. Başını yuxarı qaldırıb ətrafa göz gəzdirir. Qarşı tərəfdə ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə oxuduğunu görür. O, dost və tanışlardan soraqlayıb bu gəncin kim olduğunu öyrənir. Aradan xeyli vaxt keçəndən sonra bir gün onu yanına çağırır. Danışdırıb hal-xasiyyətinə bələd olur və onu öz məktəbinə qəbul edir.

Məhəmməd bu məktəbdə Xarrat Quludan, görkəmli xanəndə Məşədi İsidən ifaçılığın sirlərini öyrənir, məclislərdə çıxış edir, musiqisevərlərin rəğbətini qazanır.

Görkəmli xanəndə Seyid Şuşinski Keçəçioğlu Məhəmmədi belə xatırlayarmış: “Onu görməyib səsini uzaqdan dinləyənlər elə hesab edərdilər ki, oxuyan Məşədi İsidir. Çünki o, oxuduğu muğamlarda Məşədi İsinin vurduğu xalları və guşələri çox ustalıqla təqlid edirdi”.

O, öyrənib bəhrələndiyi müəllimlərinin yolu ilə gedir. Şəhərin musiqi məclislərində və el şənliklərində fəallıq göstərir. Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada təşkil edilən tamaşalarda və musiqili səhnəciklərdə də çıxış edirdi.

1902-ci ildə Bakıya gələn Məhəmməd ilk dəfə çıxış etdiyi konsertdə “Şüştər” muğamını böyük ustalıqla oxuyur. “Kaspi“ qəzeti bu barədə məqalə və bir neçə rəy dərc edir. Həmin rəylərin birində yazılmışdı: “Xanəndə Məhəmməd “Şüştər“ muğamını ürəkdən, incə bir səslə-avazla elə gözəl oxudu ki, dinləyiciləri məftun etdi...”.

Həmin konsertdə Məhəmməd Füzulinin “Leyli və Məcnun“ poemasından duet şəklində bir parça Cabbar Qaryağdıoğlu ilə Keçəçioğlu Məhəmmədin ifasında təqdim olunur. Bu çıxış tamaşaçılar arasında böyük marağa səbəb olur. Onu da deyək ki, dövrün belə konsert-tamaşaları milli opera sənətimizin yaranmasına da zəmin idi.

Bakının mədəni həyatı sənətkarı möhkəm tellərlə özünə bağlayır. Buna görə də o, 1904-cü ilin əvvəlində həmişəlik Bakıya köçür. Şəhərin tanınmış tarzənlərindən Məşədi Zeynal, Mərdi Canıbəyov və sonralar Qurban Pirimovla əməkdaşlıq edir, öz üzərində yorulmadan çalışır. Məhz bu zəhmətin sayəsində dinləyiciləri valeh etməyi bacarır.

Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski araşdırmasında yazır  ki, Keçəçioğlu Məhəmməd ifa etdiyi qəzəllərə xüsusi diqqət yetirər, hər nümunəni oxumazmış. Məclisdə dinləyicilərin əhval-ruhiyyəsinə uyğun gedişlər edər, onları gah şənləndirər, gah da kədərləndirərmiş.

Əməkdar artist Cəlilbəy Bağdadbəyov xatirələr kitabında yazır: “1905-ci il idi. Bakı toylarının birinə dəvət olunmuşdum. Məclis geniş bir həyətdə qurulmuşdu. Xanəndə Keçəçioğlu Məhəmməd “Üzzal” oxuyurdu. Yanımda silahlı bir nəfər oturmuşdu. Hiss etdim ki, o, Bakı qoçularından biridir. Xanəndənin çox ustalıqla oxuması hamını heyran etmişdi. Təkcə yanımda oturan qoçu narahat idi. O, nədənsə hirslənir və tapançanı əlində oynadırdı. Xanəndə bu vəziyyəti görüb İran şairi Sədinin: “Biz başqasını sənin yerinə özümüzə məhrəm görmədik, Sən də Allah xatirinə keçmiş əhd-peymanı unutma” misralarını farsca oxudu. Mən qonşumun hərəkətlərindən narahat olaraq üzümü ona tərəf çevirdikdə o, bu vəziyyətdən istifadə edib dedi: – Keçəçioğlu nə oxuyur? – Mən dedim ki, xanəndə “Üzzal” oxuyur və qəzəlin bu iki misrasını ona tərcümə etdim. Qoçu bığlarını eşib dedi: – Eh, heç nə bilmirəm. Bircə onu bilirəm ki, Keçəçioğlunun oxumağı çox xoşuma gəldi...”.

Ötən əsrin əvvəllərində Qafqazda xanəndə kimi tanınan Keçəçioğlu Məhəmməd “Sport-Rekord” firmasının dəvəti ilə Varşavaya gedir. Yolüstü bir neçə gün Moskvada qalır. “Metropol” mehmanxanasının zalında Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev və Davud Səfiyarov ilə “Şərq konserti” verir. Keçəçioğlu Məhəmməd Varşavada tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə “Heyratı”, “Rahab”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi” və s. muğamları, “Gülə-gülə”, “Xuraman”, “Axşam oldu” təsnif və mahnılarını vala yazdırır. Xanəndə 1914-cü ildə “Ekstrafon” firması tərəfindən Kiyevə dəvət edilir. Burada da bir çox muğam və el mahnılarını qrammofon valına yazdırır.

Sovetləşmədən sonra, 1921-ci ildə xanəndə “təşviqat qatarı” ilə respublikanın bir sıra rayonlarında olur, zəhmətkeşlər qarşısında maraqlı repertuarla çıxışlar edir. 1926-cı ildə dahi musiqiçi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O burada Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski ilə birlikdə gənc xanəndələr yetişdirmək sahəsində birgə fəaliyyət göstərir.

Musiqisevərlərin qəlbində əbədi heykəlləşən Keçəçioğlu Məhəmməd ömrünü Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğinə həsr edib. Heç bir zaman sevdiyi sənətindən uzaq düşməyib. Görkəmli sənətkar 1940-cı ildə, 76 yaşında vəfat edib.

Savalan