Türk dünyasında mədəni yaddaşın mühüm ifadə forması kimi aşıq sənətinin zəngin tarixi, onu əsrlərlə yaşadan böyük ustadları var. Ötən yüzillikdə Anadolu ellərinin görkəmli saz-söz yetirmələri arasında bənzərsiz yaradıcılığı ilə yaddaşlarda əbədiləşən aşıqlardan biri də Veysəl Şatıroğlu olub. Cahanı qəlb gözü ilə görən sənətkarı anadan olmasının 130-cu ildönümündə bir daha yad edək.

Veysəl Əhməd oğlu (Şatıroğlu) 1894-cü ildə Türkiyənin Sivas bölgəsinin Sivrialan kəndində dünyaya göz açıb. Körpə ikən anası Gülzarı itirən Veysəl 7 yaşında çiçək xəstəliyinə yoluxur. Bu xəstəlikdən sol gözü tutulur. Sonra sağ gözü də tədricən zəifləyir. Bir gün sağ gözünə ağacın budağı dəyir, aldığı zədədən dünya işığından ömürlük məhrum olur.

Veysəlin əkinçiliklə məşğul olan atası sazı-sözü sevən bir insan olub. Bundan çox təsirlənsə də, ruhdan düşmür. Elin söz və sənət bilicilərinin şeirlərini yeri gəldikcə oğluna əzbərlədir. Bu yolla onun könlünü almağa, ovundurmağa çalışır. Günlərin birində oğluna saz da alır. Saz Veysəlin sirdaşına çevrilir. Dərd-sərini onunla bölüşür və bütün varlığı ilə ona bağlanır. Bir müddət kəndlərinin söz-sənət sərraflarından olan aşıq Əliyə şəyird olur, sənətin sirlərini dərindən öyrənir.

1914-cü ildə Türkiyənin (Osmanlı) də iştirak etdiyi I Dünya müharibəsi başlanır. Gənclər cəbhəyə gedirlər. Gözləri görməyən Veysəl isə kənddə qalır. Bir müddət sonra məmləkətin üzərini qara buludlar alır. Xalq Mustafa Kamal Atatürkün öndərliyində Qurtuluş savaşına qalxır. Veysəl bu mücadilədən kənarda qalmağı özünə dərd edir.  Sonralar o günləri belə xatırlayırdı: “Gözlərim görmədiyi üçün əsgəri borcumu yerinə yetirə bilmədim. Bu halımdan çox üzüldüm. Onlar məmləkətə xidmət etməyə getdilər, mən kənddə miskin və hər şeydən məhrum qaldım...”.

Nə yazıq ki mənə olmadı qismət,
Düşməni dənizə tökərkən millət,
Fələk qırdı qolumu, vermədi fürsət,
Qılınc vurmaq üçün düşmən başına.

Aşıq Veysəl 25 yaşında Əsma adlı xanımla ailə həyatı qurur, ancaq xoşbəxt ola bilmir. Həyat yoldaşının etinasızlığı üzündən bir neçə il sonra onlar ayrılırlar. Şeirlərinin birində aşıq bu ayrılığı belə ifadə edir:

Məmləkətə dastan oldum,
Qarım məni bəyənmədi.
Yardan oldum, dostdan oldum,
Yarım məni bəyənmədi.

Bir müddət sonra o, ikinci dəfə ailə qurur, iki oğlu, bir qızı dünyaya gəlir.

1933-cü ildə şeirə, sənətə dərindən bələd olan ziyalı Əhməd Kutsi Tecerlə tanışlığı Veysəlin həyatında müəyyən dəyişiklik yaradır. Mətbuatda ilk şeiri dərc olunur. Professor Maarifə Hacıyeva “Dünyanı bəsirət gözü ilə görən aşıq Veysəl” adlı araşdırmasında yazır ki, gənc yaşlarında aşıqların şeirlərini əzbər söyləyən Veysəl Türkiyə Cümhuriyyətinin 10 illiyi münasibətilə “Atatürkdür Türkiyənin əhyası” adlı şeirini yazır. Şair Sivrialandan Ankaraya camaatla birlikdə piyada gedir. Ankarada şeiri xalq qarşısında oxuyur və alqışlarla qarşılanır. Bundan sonra onun yaradıcılığı diqqət çəkməyə başlayır.

... Aşıq Veysəl təbiət və cəmiyyətdə olan gerçəkləri qəlbinin gözü ilə görə bilib. Bu belə olmasaydı, onun yaradıcılığı bu qədər rəngarəng və zəngin olmazdı:

Dürlü-dürlü rənglərə boyanmış,
Yaşıl yarpağıyla döşəli dağlar.
Geyinmiş, qurşanmış gəlin misallı,
Gülümsər üzünə nəşəli dağlar.

Müəllif “Meşə”, “Ağaclar”, “Adalar”, “Dağlar”, “Yaz səhəri”, “İnləyər”, “Oyanış”, “Bəsərək dağı”, “Qara torpaq” kimi şeirlərində təbiət və onun könül oxşayan gözəlliklərini böyük bir şair coşqunluğu ilə vəsf edib.

“Deyişlər” adlı ilk kitabı 1944-cü ildə nəşr edilir. Sonra “Sazımdan səslər” (1950), “Dostlar məni xatırlasın” (1971) kitabları işıq üzü görür. 1965-ci ildə aşıq “Ana dilinə və milli birliyə etdiyi xidmətlərinə görə” xüsusi təqaüdə layiq görülür.

Aşıq Veysəl “Qara torpaq” adlı şeirinə görə Türkiyə ədəbiyyatında həm də “torpaq şairi” kimi şöhrət tapıb. Professor Kamal Fikrət Arık 1965-ci ildə Londonda xəstəxanada ikən bu şeiri oxuyur və çox təsirlənir. Aşıq Veysələ belə bir məktub yazır: “...Sən bu yalnız, qaranlıq xəstəxana odalarında məni səsinlə, deyişlərinlə ümidləndirirsən. Səndə yurdumun havasını, yelini, ümidini, gücünü tapıram. Çıl-çılpaq, boz dağlar, boş odalar, kasıb kəndlərinin iç zənginliyini, əxlaq üstünlüyünü, bütün çarəsizliklərlə savaşaraq yaşama əzmini, sən bütün bunları “Qara torpaq”da nə ustalıqla, nə üzdən anlatdın”.

Aşıq Veysələ görə, həyatımızı öz barı-bəhrəsi ilə təmin edən torpaq ən sadiq dost, ən vəfalı gözəl və insanlara haqdan verilən gizli xəzinədir. İnsanların bütün ehtiyaclarını ödəyən, ona gözəl maddi nemətləri yetirən, yeri gələndə qüsurlarını gizlədən və sədaqətlə bağrına basan da qara torpaqdır:

Bütün qüsurumu torpaq gizləyir,
Məlhəm qılıb yaralarım düzləyir,
Qolun açmış yollarımı gözləyir,
Mənim sadiq yarım qara torpaqdı.

Araşdırmalarda qeyd edilir ki, aşıq gözlərində cərrahi əməliyyat aparmaq istəyən həkimlərə etiraz edir və deyir: “Mən qəlbimin evində bütün qurğu-büsatı yerli-yerində olan möhtəşəm bir dünya yaratmışam. Gözümü açsanız, qorxuram, o gözəl dünyadan əsər-əlamət qalmasın. İstəmirəm, məni öz dünyamla baş-başa buraxın”.

Həmin düşüncəsini aşağıdakı şeirində belə ifadə edib:

Bir kiçik dünyam var içimdə mənim,
Möhnətim, zinətim mənə kafidir.
Baxanlar dar görür, genişdir mənə,
Söhbətim, ülfətim mənə kafidir.

Aşıq poeziyasını hikmət çələngi ilə bəzəyən Veysəl Şatıroğlu 21 mart 1973-cü ildə vəfat edir. Cismi torpağa, şeir və xatirələri isə yaddaşlara köçür.

Onu da qeyd edək ki, TÜRKSOY 2019-cu ildə anadan olmasının 125-ci ildönümü münasibətilə “Aşıq Veysəl ili” elan edib. 2023-cü ildə isə Aşıq Veysəlin ölümünün 50-ci ildönümü UNESCO-nun yubileylər proqramı çərçivəsində qeyd olunub. Hər iki ildönümü ilə bağlı Azərbaycanda da tədbirlər keçirilib.

S.Fərəcov