Şəhidlər torpaqda əbədi bir iz qoyan qəhrəmanlardır. Onlar təkcə qanları ilə deyil, həm də ruhları ilə millətin qalxanıdır. Vətən uğrunda canını fəda edənlər yalnız millətin Qələbə bayrağını dalğalandırmadılar, həm də bizlərə Vətən sevgisinin nə olduğunu təkrar-təkrar xatırlatdılar.
“Vətən fədailəri” rubrikasında bu dəfə şəhid baş leytenant Kərəm Həsənovu xatırlayacağıq.
Kərəm Akif oğlu Həsənov 1996-cı il yanvarın 1-də Gəncədə anadan olub. Şəhərdəki Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəb illərində hərbi hazırlıq dərslərində xüsusi fəallıq göstərib, məktəbdaxili “Şahinlər” qrupuna üzv olaraq təlimlərə qoşulub. İdmana da xüsusi marağı vardı. Kikboksinq üzrə yarışlarda yüksək nəticələr qazanmışdı.
Dərslərini çalışqanlıqla oxuyur, dostları ilə səmimi münasibətlər qurardı. Lakin hər şeydən daha çox Kərəmin gözlərində Vətənə olan sevgini oxumaq mümkün idi. Vətənə bağlılığı onun üçün müqəddəs bir borc idi.
Kərəm 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2017-ci ildə hərbi məktəbi tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə başa vuraraq leytenant rütbəsi alır. Göndərildiyi hərbi hissələrdə vəzifəsini layiqincə yerinə yetirir. 2020-ci ildə baş leytenant rütbəsinə layiq görülür, həmçinin hərbi xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə komandanlıq tərəfindən fəxri fərmanlarla təltif olunur.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Kərəm Həsənov da ilk gündən iştirak edir, Suqovuşanın işğaldan azad olunmasında, Ağdam rayonu istiqamətində qəhrəmanlıq göstərir. Suqovuşan istiqamətində döyüşlərdə düşmən artilleriyasının atəşi nəticəsində tankı iki dəfə vurulur, özü isə qəlpə yarası alır. Lakin buna baxmayaraq yenidən döyüşlərə qatılır, bir çox postların düşməndən azad edilməsində iştirak edir.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülür.
Vətən müharibəsi Zəfərlə başa çatsa da, Qarabağın bir hissəsində hələ yağı düşmən qalmışdı. Azərbaycan Ordusu yurd yerimizi erməni terrorçularından tamamilə təmizləmək üçün 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror əməliyyatı həyata keçirir. Kərəm də bu əməliyyatda iştirak edir, Xocavənd rayonu istiqamətindəki döyüşlərdə sol qolundan güllə yarası alır. Yaralı vəziyyətdə də döyüşə davam edir. Son nəfəsinə kimi vuruşaraq qəhrəmancasına şəhid olur.
Doğulub, boya-başa çatdığı Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılan Kərəm Həsənov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilir.
Kərəm Həsənov 2021-ci ilin martında Nərmin adlı xanımla ailə həyatı qurub.
Şəhidin həyat yoldaşı Kərəmlə bağlı xatirələrindən söz açır: “Kərəmlə biz bir-birimizi tanıdığımız ilk gündən qəlbən bağlandıq və qısa zaman müddətində ailə həyatı qurmağa qərar verdik. Rüqəyya adlı qızımız dünyaya gəldi.
Kərəm 44 günlük Vətən müharibəsindən sağ-salamat gəlmişdi. Amma bu payız əvvəlki payız kimi sədaqətli olmadı... Kərəm şəhidlik zirvəsinə gedən yola bəlkə də hələ kiçik yaşlarından hərbiyə olan marağı və sevgisi ilə qədəm qoymuşdu. Ən böyük nigarançılığı Azərbaycanın bir parçasının işğalda qalması idi. Kərəm kimi igidlər sayəsində torpaqlarımız düşməndən azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhidin anası Mənsurə Həsənova Kərəmin uşaqlıq illərindən çətinliklərlə böyüdüyünü, onun çox qürurlu bir uşaq olduğunu bildirir: “O, heç vaxt övlad olaraq bizləri incitməyib. Məktəbdə oxuduğu müddətdə dərslərinə məsuliyyətlə yanaşan şagird olub. Ona təhsil, elm öyrədən müəllimləri Kərəm haqqında hər zaman yüksək fikirlər söyləyiblər. Kərəm cəsur, qorxmaz, başladığı bir işi yarım qoymayan, Vətəninə bağlı idi. İnsan kimi vicdanlı, mərhəmətli, xeyirxah idi. Bunu onu tanıyan hər kəs, dostları, yoldaşları daha yaxşı bilir”.
Birinci Qarabağ müharibəsində iştirak etdiyini söyləyən şəhid atası Akif Həsənov da Kərəmin uşaqlıq illərindən vətənpərvər ruhda böyüdüyünü deyir: “Ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi. O həmişə deyirdi ki, bir işə başladınsa, sonuna kimi getmək lazımdır. “Bir qarış torpağımızı da düşməndə qoymayacağıq, son damla qanıma kimi vuruşub şəhid olacağam. İndi Kərəm tək bizim deyil, Azərbaycanın qəhrəmanıdır”.
Bu gün Azərbaycan adının hər bir hərfində şəhidlərimizin qan yazısı var. Onların qanı Qarabağın, Xarıbülbülün məlhəmi oldu və Vətəni yenidən diriltdi...
Nurəddin