Eldəniz Babayev: “İstanbuldakı “Zəfər müjdəsi” sərgimə göstərilən diqqət və maraq məni çox qürurlandırdı”

 

İyun ayının son günlərində İstanbulda istedadlı azərbaycanlı rəssam, qalereyaçı  Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı sərgisi açıldı. İlk dəfə 2023-cü ildə Bakıda nümayiş etdirilən sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 105, Türkiyə Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu. İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında açılan sərgidə rəssamın həyat və yaradıcılığını, fəaliyyətini əks etdirən kitab-kataloqun (müəllif Mirzə Talıbov) da təqdimatı olub.

Eldəniz Babayev Bakıya qayıtdıqdan sonra təəssüratını bizimlə bölüşdü.

 

– Sərgi haqqında bizlərə hansı əsas məqamları danışmaq istərdiniz?

– Sərgi ilə bağlı elə çox xoş duyğularım var... Sərgiyə göstərilən maraq, məsələn, orada səslənən “Türkiyə və Azərbaycan istiqlalını bir araya gətirmisiniz” sözləri məni çox qürurlandırdı. Bu bizim bir xalq olduğumuzun, babalarımızın eyni kökdən olmasının ifadəsi idi. Onu da deyim ki, sərgidə “Bir millət – iki dövlət” tarixi kəlamı ilə Azərbaycan-Türkiyə qardaşlığını əbədiləşdirən Ulu öndər Heydər Əliyev haqqında, onun Azərbaycan mədəniyyətinə diqqətini, həmçinin Türk dünyasının dövlət xadimləri ilə əlaqələrini və dostluğunu nümayiş etdirən videotəqdimat da oldu.

Atatürk Mədəniyyət Mərkəzi elə bir yerdir ki, orada sərginin keçirilməsi böyük əmək, məsuliyyət tələb etməklə yanaşı, həm də əhəmiyyətlidir. Odur ki, belə bir layihənin ərsəyə gəlməsində zəhməti, dəstəyi keçən hər kəsə minnətdaram. Sərginin təşkilində Azərbaycanda Atatürk Mərkəzinin, şəxsən onun rəhbəri akademik Nizami Cəfərovun böyük rolu oldu. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Azərbaycandakı sərgidə olduqdan sonra belə bir fikir irəli sürdü ki, mütləq şəkildə Türkiyə ictimaiyyəti də bu sərgini görməli, tanış olmalıdır. Sərginin təşkilində səfirliyin mədəniyyət müşaviri Mühiddin Məcid yaxından iştirak etdi. Türkiyə Yazma Əsərlər İdarəsinin rəhbəri Hüseyn Kutan və Fərrux Pilavcı da bu sərgiyə tərəfdaş oldular. Eyni zamanda İstanbul Atatürk Mərkəzinin sənət direktoru Rəmzi Buxarılı və Aykut Kələşi qeyd etməliyəm. Bütün bu insanlarla bir araya gəlib əsərlərə baxış keçirdikdən sonra Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Rəssamlar İttifaqı, “Bakı” Rəsm Qalereyası və “Yeni Gallery”nin birgə təşkilatçılığı ilə bu sərgi baş tutdu. Xarici İşlər Nazirliyi köməyini əsirgəmədi. Nazir Ceyhun Bayramov müraciətimizdən sonra səfirliyə və baş konsulluğa bununla bağlı göstəriş verdi. Təbii ki, Mədəniyyət Nazirliyinin sərginin ərsəyə gəlməsində böyük dəstəyi oldu. Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi – direktor Samir Abbasov və kollektiv yaxından iştirak etdilər. Nazirliyin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da öz yardımını əsirgəmədi.

 

– TÜRKSOY-un medalı ilə də təltif olundunuz...

– Bəli, təşkilatın baş katibi Sultan Raev tərəfindən TÜRKSOY-un 30 illik yubiley medalı ilə təltif edildim. Türk dünyası mədəniyyətinə verdiyim töhfələrə görə bu təltifə layiq görüldüyüm üçün təşkilata təşəkkürümü bildirirəm. Bu həm də Azərbaycan sənətkarlarına verilən bir dəyərdir.

 

– Sərginin kataloqu da nəfis şəkildə nəşr olunub...

– “Zəfər müjdəsi” kataloqu türk və ingilis dillərində nəşr olundu. Ulu öndər Heydər Əliyev və Atatürkün kəlamları ilə başlayır. Ön sözü Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy yazıb. Həmçinin TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyə Böyük Millət Məclisi Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının rəhbəri Mahmut Özer, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovun sərgi ilə bağlı fikirləri yer alıb. Çox şadam ki, belə sanballı bir kataloq nəşr olundu. TÜRKSOY baş katibinin müavini Sait Yusuf və digər çıxış edənlər “Bir millət – iki dövlət” anlamını əsərlərimdə bir araya gətirdiyimə görə minnətdarlıq ifadə etdilər. Türkiyə Yazma Əsərlər İdarəsi məni Türkiyə-Azərbaycan dostluğunu əks etdirən sərgiyə görə xüsusi təşəkkürnamə və sertifikatla mükafatlandırdı. Bu, əl işi ilə məşğul olan sənətkarları bir araya toplayan dövlət qurumudur. Media ilə bağlı işdə və sərginin təşkilində bizə yaxından yardımçı oldular.

 

– Belə sərgilər rəssam üçün hansı yeniliklər açır?

– Bilirsiniz ki, mən 30 ildir təsviri sənətlə məşğulam. Amma yaradıcı insan məhz beynəlxalq miqyasda bir iş görəndə Azərbaycan rəssamlığının nə dərəcədə yüksək səviyyədə olduğunu hiss edir. Bir faktı qeyd etmək istəyirəm ki, Ankaradan bir qrup dövlət sənətçisi gəlib sərgini ziyarət etdi. Dedilər ki, biz bu əsərlərdə sovet rəssamlığının izləri ilə bərabər həm də müasir bir baxış gördük. Portretləri ayrı-ayrılıqda təhlil edərək yüksək dəyərləndirdilər.

 

– Kazım Qarabəkir paşanın qızı Timsal xanımın da sərgini ziyarət etdiyini bilirik...

– Timsal xanım özü bir canlı tarixdir. O, xatirələrini dilə gətirdi. Atasının Naxçıvanla bağlı olan xatirələrindən, Azərbaycanın dövlət və elm adamları ilə münasibətlərindən danışdı. Dedi ki, bugünkü sərgidə atamın portretini Ənvər və Nuru paşaların, Səməd bəy Mehmandarovun, Heydər Əliyev və Atatürkün portreti ilə yanaşı görməyim məni xoşbəxt etdi.

 

– Sərgi həm də Türk dünyasının sərkərdələrinə həsr olunan silsilə ilə yadda qalıb...

– Açılış zamanı Azərbaycan Televiziyası tərəfindən hazırlanan və Türk dünyası sərkərdələrindən bəhs edən klip də nümayiş olundu. Xalq artistimiz Azərin xanımın ifasında “Çırpınırdın, Qara dəniz” mahnısının sədaları altında təqdim olunan bu klip də maraqla qarşılandı. Bu nədən önəmli idi? Baş konsulluğumuzun dəvəti ilə sərginin açılışında İstanbulda fəaliyyət göstərən bir çox ölkələrin diplomatları da iştirak edirdi. Bu təkcə sərgi deyil, Azərbaycan və Türkiyənin qardaş kimi uğurlarının nümayişi kimi əhəmiyyət kəsb edirdi. Millət vəkili Şamil Ayrım da çıxışında TBMM adından təbrik söyləyəndə bu incəlikləri xüsusilə qeyd etdi. Azərbaycanın İstanbuldakı baş konsulu Nərmin Mustafayeva isə həm mükəmməl çıxışı, həm də yaradıcılığım haqqında fikirləri ilə hamımızı heyran etdi. Düşünürəm ki, bu sərgi unudulmaz bir xatirəyə çevriləcək. Sərgiyə sadə insanların, tələbələrin, turistlərin axını da məni çox sevindirirdi. Onların ölkəmizi tanımaları qürurverici idi.

 

– Azərbaycandan sizinlə bərabər kimlər vardı?

– Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqı adından çıxış edərək çox gözəl fikirlər söylədi. Dedi ki, Eldəniz bu sərgidə həm təşkilatçılıq, həm də sənət baxımından mühüm missiyasını yerinə yetirmiş oldu. Bu fikirləri Arif müəllimdən eşitmək çox xoş idi. Azərbaycanda Atatürk Mərkəzinin sədr müavini Osman Musayev də çıxış etdi. Atatürk Mərkəzinin adından “Türk dünyası sənətçisi” mükafatını mənə təqdim etdi. 

 

– Gələcəkdə hansı planlar var?

– Qarşıda bizi yeni layihələr gözləyir. Azərbaycanın siyasi və mədəni həyatında unudulmaz iz qoymuş Qənirə Paşayevanın yubileyinə həsr olunan sərgiyə hazırlaşırıq. Arif Hüseynov başda olmaqla yeddi rəssam bu sərgiyə hazırlaşır. Sərgi sentyabrın 25-nə planlaşdırılır.

TÜRKSOY və digər qurumlar tərəfindən əməkdaşlıq üçün təkliflər və fikirlər var. Bununla bağlı müəyyən layihələr ola bilər. Azərbaycan mədəniyyəti hər zaman dövlət başçımız İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Bizim rəssamlar da bu diqqətə layiq olaraq əsərlər yaratmağa, onları dünya qalereyalarına çıxarmağa qadirdirlər.

 

– Türk aydınlarının portretlərinin alınması ilə bağlı Türkiyədən sizə təklif oldumu?

– Bu çox maraqlı bir mövzudur. Amma bu sərgi kommersiya məqsədi güdmürdü. Əlbəttə, yaxşı olardı ki, bu qrafik əsərlər Azərbaycanda və yaxud Türkiyədə muzeylərin birində külliyyat şəklində sərgilənsin. Türk dünyası ilə bağlı, yaxud hər hansı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyimiz zaman bu əsərləri sərgiləmək, məncə, pis olmazdı. Onu da deyim ki, gələcəkdə bütün Türk dünyasının aydınlarını bir araya gətirən bir layihə düşünürük. Yenə də müəyyən bir ideya olmalıdır və buna da vaxt və şərait, eyni zamanda rəssamlara sifariş də olmalıdır.

 

– Əsərlərinizdə maraqlı mövzular yer alır. Bunlar haradan qaynaqlanır?

– Mən Türkiyəyə bağlı insanam. Tələbəlik illərimdən sonra bir müddət Türkiyədə turizm şirkətində çalışmışam. Ege-İzmir bölgəsində hotellərin bədii tərtibatı ilə məşğul idim. Türkiyəyə bağlılığım buradan yaranıb. Türkiyədə olan ziyalılar və siyasətçilərlə dostluq tellərim var. Onlar da məni yeni layihələrə səsləyirlər. Qrafik əsərlərim arasında  “Trabzonlu qoca”, “İstanbullu neyzən”, “Bursalı dərviş” kimi əsərlər də var. Burada  ölkənin regionu, tarixi və mənəvi cizgiləri yer alır.

 

– Əsasən qrafika və yağlı boya ilə işləyirsiniz. Rəng dünyanız da fərqlidir...

– Sənətkarın ovqatından çox şey asılıdır. Məsələn, mənim əsərlərimdə musiqi alətləri də yer alır. Sizə səmimi deyim ki, yaradıcı insan gərək hər mövzuya kamil yanaşmağı bacarsın. Hansı sahədə olursansa ol, az da olsa, bütün sahələrdən bilgin olmalıdır. Məncə, bütövlük olanda ərsəyə gələn məhsul da tam olur. Məsələn, Türkiyədə yaşayan azərbaycanlılar Xəlil Rza portretinə baxıb mənə dedilər ki, siz Xəlil Rza obrazını elə yaratmısız ki, tam özü kimi sanki bir qayadır. Obrazı açmaq lazımdır. Mən xoşbəxt adamam ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsində çalışdığım zaman “Klassik türk sənətləri” adlı sərgi açmışdım və Xalq şairi Bəxtiyar Vabahzadə həmin sərgiyə gələrək gözəl fikirlər demişdi. Həmçinin böyük fırça ustamız Tahir Salahov da tarixi janrda işlərimi bəyənərək etnoqrafiyanı bildiyimə görə yüksək fikir söyləmişdi. Düşünürəm ki, İstanbul tamaşaçılarını da məhz bu xüsusiyyətlər cəlb etdi. Özümü portretçi rəssam hesab etmirəm. Amma Timsal xanımın Heydər Əliyevlə görüşünü xatırlayaraq “portretin gözləri mənim qəlbimə toxundu” deyərək kövrəlməsini bir sənətkar kimi işimə verilən ən yüksək dəyər kimi qəbul edirəm. Ulu öndərin obrazını yaratmaq məsuliyyət, Atatürkün iti baxışlarını yaratmaq bir o qədər dəqiqlik istəyir.

 

– Sizinlə “Bakı” Rəsm Qalereyasında söhbətləşirik. Nədənsə qalereyaya axın azdır...

– Təəssüf ki, pandemiyadan sonrakı dövrdə şəhərimizə gələn turistlərin səviyyəsində eniş müşahidə olunur. Əvvəllər alıcılıq qabiliyyəti də yüksək idi. İndi bu da yoxdur. Bəzən günlərlə qalereyaya gələn olmur. Bir məsələni də demək istərdim. Türkiyənin Kütahya bölgəsində valilik və bələdiyyə sənətkarlara vergisiz yer ayırıb, onlar əsərlərini nümayiş etdirir və satırlar. Düşünürəm ki, bu işlər bizdə də tənzimlənməlidir. Mən demirəm ki, tam ödənişsiz olsun. Amma müəyyən güzəştlərlə bağlı qanunlar qəbul edilməlidir.

 

– Müsahibəyə görə təşəkkür edirik. Sizə yaradıcılıqda və qalereyaçı kimi fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

– Mən də diqqətinizə görə “Mədəniyyət” qəzetinə minnətdaram.

Lalə Azəri