Xəbər verildiyi kimi, avqustun 1-də Monteneqro Milli Muzeyinin Miodrag Dado Djuric incəsənət qalereyasında “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb.
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 24 sənət nümunəsi yer alır. Buraya xalçalar, xalça məmulatları və eskizlər aiddir.
Sərgidə nümayiş olunan “Vərni”, “Zili” xovsuz xalçaları, “Ağaclı”, “Şıxlı”, “Cəyirli”, “Alpan” kimi xovlu xalçalar, həmçinin xalça məmulatlarından çul, heybə, məfrəş, ləməqabağı bədii quruluşu, rəng ahəngdarlığı, zərif toxunuşu və özünəməxsus naxışları ilə seçilir. Şirvan, Quba, Bakı, Qazax, Qarabağ və Təbrizin xalçaçılıq məktəblərinə aid bu unikal eksponatlar çoxmənalı elementlərlə, stilizə edilmiş zoomorf və nəbati ornamentlərlə zəngindir.
Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev və Eldar Mikayılzadənin müəllifi olduğu müasir dövrə aid xalçalar və eskizlər də sərgidə xüsusi yer tutur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi avqustun 31-dək davam edəcək.