Avqustun 20-də Azərbaycanın dünyaca məşhur dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin (1912–1984) anadan olmasının 112-ci ildönümü tamam oldu. Bu münasibətlə maestronun mənzil-muzeyini ziyarət etdik.
Böyük musiqi xadiminin ocağı paytaxtın Bülbül prospekti 21 ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşir. Ömrünü Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edən sənətkarın mənzil-muzeyinə daxil oluruq. Bizi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova və mənzil-muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov qarşılayırlar.
Əvvəlcə Alla xanım muzeyin tarixi haqqında qısa məlumat verir. Qeyd edir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan bu muzey 1994-cü il sentyabrın 18-də, Niyazinin vəfatının 10-cu ildönümündə açılıb. Açılış mərasimində Prezident Heydər Əliyev şəxsən iştirak edib və muzeyin qonaqlar kitabına ürək sözlərini yazıb. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaradıb. Muzeydə Niyazinin xatirə günü və doğum günündə müxtəlif tədbirlər keçirilir, həmçinin yaradıcılıq görüşləri, sərgilər, konsertlər təşkil olunur. 2008-ci ildən isə burada “Klassik musiqi həvəskarları klubu” fəaliyyət göstərir ki, hər ayın ilk çərşənbəsi bu klubda maraqlı tədbirlər gerçəkləşir: “Biz bu günə kimi, Niyazinin müxtəlif əsərlərini çap etdirmişik. Ötən il “Niyazi xatirələrdə” kitabı nəşr olunub. Hazırda bu kitabın yeni redaktəsi üzərində işləyirik. Yeni nəşrdə Niyazi ilə bağlı əlavə xatirələr yer alacaq. Bundan başqa, bu ilin sentyabr ayında muzeyin fəaliyyətə başlamasının 30 illiyi tamam olur. Bu əlamətdar tarixi də qeyd etməyi planlaşdırırıq”.
Niyazi ilə bağlı xatirəsini dilə gətirən Alla Bayramova onun konsertlərini canlı izlədiyini söyləyir: “Niyazi ilə bir dəfə ünsiyyətdə olmuşam. O vaxt Musiqi Mədəniyyəti Dövlət Muzeyinin baş mühafizi vəzifəsində işləyirdim. Həmin dövrdə muzeyin daimi ekspozisiyası yox idi. Ancaq səyyar sərgilər təşkil edirdik. Mən də Azərbaycanda simfonik orkestrlərin tarixi mövzusunda sərgi keçirməyi planlaşdırırdım. Bu mövzuda axtarışlara başladım. Bilmirəm necə olub, Niyazi bundan xəbər tutub. Həmin vaxt o, xəstəxanada müalicə alırdı, lakin sərgi ilə bağlı topladığım materiallarla maraqlandı və onu şəxsən görmək istədi. Muzeyin keçmiş direktoru Dilarə Mirzəyeva və mən xəstəxanada Niyazi ilə görüşdük. Mən sərgi ilə bağlı özümlə gətirdiyim materialları ona təqdim etdim. O, materiallarla tanış oldu, bunları haradan əldə etdiyimi söylədi. Görüşün sonunda söz verdi ki, öz arxivindəki materialları muzeyə təqdim edəcək. Amma çox təəssüf ki, bu görüşdən az bir müddət sonra Niyazi vəfat etdi. Onun vəfatından sonra sənətkarın həyat yoldaşı Həcər Hacıbəyova həmin arxiv materiallarını hissə-hissə muzeyə təqdim elədi. O zaman hələ Niyazinin Mənzil-Muzeyi yaradılmamışdı...”.
6 mindən çox eksponat
Muzeyin müdiri Rza Bayramovun müşayiəti ilə görkəmli sənətkarın mənzili ilə tanış oluruq. Muzey dəhliz və 5 otaqdan – yemək, yataq, iş (bu 3 otaq memorial otaqlardır), ekspozisiya və qonaq otağından ibarətdir. Memorial otaqlar Niyazinin vaxtında olduğu kimi saxlanılsa da, digər iki otaq rekonstruksiya olunub.
Rza müəllimin sözlərinə görə, mənzil-muzeyin əsas missiyası maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə malik olmasını təbliğ etmək, bunu gələcək nəsillərə çatdırmaqdır. Muzey 4707 eksponatla fəaliyyətə başlayıb. Hazırda isə muzeydə 6 mindən çox eksponat qorunur. Onların arasında maestronun müəllifi olduğu not əlyazmaları, şəxsi kitabları, fotoları, geyimləri və təltifləri var. Muzeydə müxtəlif sənəd və afişalar, təsviri sənət nümunələri, Niyazinin bəstəkar həmkarlarının əlyazmaları və suvenirlər də nümayiş olunur.
Muzeyin qəlbi
Muzey ilk baxışda sadə bir mənzil kimi görünə bilər. Amma hər bir otaqda, hər bir əşyada onun musiqi dünyasına dair bir parça tapmaq mümkündür. Sənətkarın iş otağı bu muzeyin qəlbi sayılır. Onun gündəlik işi, partituraların öyrənilməsi, Azərbaycan və xarici müəlliflərin yeni əsərləri ilə tanışlıq, saatlarla yaradıcılıq axtarışları məhz bu otaqda baş verirdi. Otağın mərkəzi divarında vaxtilə Niyazinin özü tərəfindən asılmış fotoşəkillər daha çox diqqəti cəlb edir. Divarlardakı portretlər və fotolar maestronun musiqi karyerasının müxtəlif mərhələlərini əks etdirir. Hər şəkil onun səhnədəki möhtəşəm anlarını və dirijor ustalığını xatırladır. Fotolarda Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Cahangir Cahangirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Van Klaybern, Bella Davidoviç, Leonid Koqan, Adnan Sayqun və daha kimlər, kimlər.
Otağın diqqətçəkən eksponatlarından biri sənətkarın şəxsi pianosudur. Bu piano Niyazinin musiqi dünyasındakı şah əsərlərini yaratdığı, hisslərini notlarla ifadə etdiyi bir dostu, sirdaşı olub. Nəinki Azərbaycanda, ifa olunduğu çoxsaylı ölkələrdə qəlblərə sığal çəkən əsərlər bu alətdən həyata vəsiqə alıb.
Yemək və yataq otaqları
Muzeyin yemək otağındayıq. Burada nümayiş olunan eksponatlar Niyazinin asudə vaxtlarını necə keçirdiyi, gərgin yaradıcılıq anlarından sonra onun sadə, təvazökar həyat tərzi haqqında təsəvvür yaradır. Məhz bu otaqda Niyazi həyat yoldaşı Həcər xanımla gün ərzində baş vermiş hadisələri müzakirə edər, qonaqları, Bakıda qastrolda olan görkəmli musiqi xadimlərini qəbul edərdilər.
Yataq otağında nümayiş olunan eksponatlar – geyimlər, şəxsi əşyalar, mebellərlə tanış olduqca Niyazinin şəxsi keyfiyyətləri, zövqü, geyim tərzi və 60-80-ci illərin dəbi haqqında geniş təsəvvür yaranır.
Fotoböyüdücü
Ekspozisiya otağının materialları Niyazinin çoxşaxəli yaradıcılığını əyani surətdə əks etdirir. Burada sənətkarın həyat və yaradıcılığı xronoloji ardıcıllıqla təqdim olunur, ona aid nadir sənədlər, fotolar, afişalar, kitablar, ən əsası isə onun müəllif not əlyazmaları nümayiş olunur.
Məkandakı ən maraqlı eksponatlardan biri də fotoböyüdücüdür. Rza müəllim deyir ki, Niyazi özü fotoşəkil çəkməyi çox xoşlayırmış. Təsadüfi deyil ki, muzeydə 2 mindən artıq fotoşəkil qorunub saxlanılır. Bu fotoların bəzilərini Niyazi özü çəkib. Həmin fotoşəkillərin ilk olaraq neqativi çıxarılırdı. Bu neqativlər qaranlıq bir otaqda bu fotoböyüdücüyə qoyulurdu. Aparatın altına isə kağız yerləşdirilirdi. Bu cihazın işığını yandırdıqda həmin neqativdəki foto kağıza həkk olunurdu. Sonra həmin kağızları götürüb xüsusi dərmanlar vasitəsilə təmizləyib asırdılar.
Mavi sularda dolaşan şöhrət
Divardan asılmış fotoşəkillər içərisində Niyazinin adını daşıyan gəmi fotosu xüsusilə marağımıza səbəb olur.
Qeyd edək ki, 2002-ci ildə Niyazinin 90 illiyi ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid olan gəmiyə Niyazinin adı verilib. Bu gəmi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Nijni Novqorodun “Krasnoye Sormovo” gəmiqayırma zavodunda (Rusiya) inşa edilib. Gəminin uzunluğu 140 metr, eni 16,5 metr, yük tutumu 5500 tondur.
Niyazi istirahətdə
Muzeyin guşələrindən biri məhz belə adlanır. Niyazi boş vaxtlarında nərd oynamağı çox sevərmiş. O, mənzilində tez-tez nərd yarışları da keçirib. Həmin yarışlarda Bəxtiyar Vahabzadə, Lütfiyar İmanov kimi görkəmli şəxslər iştirak ediblər. Guşədə həmçinin Niyazinin istirahət etdiyi məkanlarda çəkilmiş müxtəlif fotoları ziyarətçilərə təqdim edilir.
Qonaq otağı
Muzeyin ən geniş guşəsi qonaq otağıdır. Rza müəllim bildirir ki, Niyazi bu otaqdan nadir hallarda istifadə edərdi. Bu otaqda əlamətdar günlər qeyd olunar, görkəmli musiqiçilər, Bakıda qastrolda olan məşhur mədəniyyət xadimlərinin şərəfinə ziyafətlər təşkil edilərdi. Otağın divarlarında Niyazinin geniş ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, təsviri sənət əsərləri, müxtəlif illərdə ailəyə bağışlanan xatirə hədiyyələri nümayiş olunur. Hazırda muzeyin müxtəlif tədbirləri də bu otaqda keçirilir.
Sonda muzeyin ziyarətçiləri ilə maraqlanırıq. Bəlli olur ki, sənətkarın ocağını daha çox musiqi məktəblərinin şagirdləri ziyarət edirlər. Muzeyin müdirinin sözlərinə görə, şagirdlərin ən maraqla seyr etdiyi eksponatlardan biri Xalq rəssamı Toğrul Nərimanbəyovun müəllifi olduğu Niyazinin portretidir. Portreti şagirdlər üçün maraqlı edən isə burada sənətkarın bir neçə simasının əks olunmasıdır.
Muzey həftənin bütün günləri ziyarət üçün açıqdır. Yerli vətəndaşlar cəmi 1 manat, xarici qonaqlar isə 3 manat ödəyərək muzeyi ziyarət edə bilərlər.
Nurəddin Məmmədli