Türkiyənin 1982-ci ildə (1980-ci il hərbi çevrilişindən sonra) qəbul edilmiş və ötən müddətdə mətninə ümumilikdə 19 dəyişiklik edilən Konstitusiyasının (Ana Yasa – Əsas Qanun) hazırkı redaksiyası artıq ölkənin ehtiyaclarını ödəmir. Bununla əlaqədar olaraq, payız sessiyasında Konstitusiyanın yeni layihəsinin müzakirəsinə başlamağı planlaşdırırıq.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu ilə bağlı addımların yol xəritəsi müəyyən edilib: “2025-ci ilə qədər davam edəcək müzakirələrdə müxtəlif siyasi partiyaların nümayəndələri, ictimaiyyət, ali məktəblərin, məhkəmə sisteminin, cəmiyyətin digər təbəqələrinin nümayəndələri iştirak edəcək. Biz bütün təşəbbüsləri təhlil edəcəyik. Daha sonra qanunvericilik müzakirələri keçiriləcək”.

Numan Kurtulmuş Türkiyənun hazırkı Konstitusiyasını “hərbi çevriliş iştirakçılarının imtina edilməli olan irsi” adlandırıb. “Mən tam inanıram ki, yeni Konstitusiya Türkiyənin daha da güclənməsinə kömək edəcək”, – deyə TBMM-in sədri əlavə edib.

Mehparə Sultanova
Ankara