“Gözümü yumanda ən çox Laçının Ağoğlan kəndində tut ağaclarının altında sərilmiş xalça-palazın üzərində uzandığım vaxtları xatırlayıram”

 

Yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid. Bütün bu titullardan əlavə, o, sadə, uşaqla uşaq, böyüklə böyük, hər kəslə səbir və təmkinlə ünsiyyət quran, qəlbi hər zaman sanki günəş işığı ilə dolu bir insandır.

Avqustun 21-də onun 60 yaşı tamam olur və vədələşdiyimiz kimi, onunla yubiley söhbəti üçün ayın 9-da Mətbuat Şurasındayam. Qurumun konfrans zalında tədbir yenicə başa çatıb, hələ burada qələbəlikdir. Rəşad müəllim məni gülərüzlə qarşılayır, “bir çay iç, 15 dəqiqəyə söhbətə başlayarıq” deyir. Bu dəqiqələrdə isə ona yaxınlaşan, nəsə xahiş edən hər yaşdan yazarları deyə-gülə, xoş sözlə qarşılayıb yola salır. Kimisi ilə foto çəkdirir, kimisi üçün kitabını imzalayır. Mən də kənardan izləyirəm və bu dəm həmkarım, dəyərli qələm sahibi Təranə Vahidin 10 il əvvəl “Mədəniyyət” qəzetində dərc olunan, Rəşad Məcidin 50 illiyinə həsr etdiyi yazıdakı fikrini xatırlayıram: “Vaxt nə daxilən, nə zahirən şair, yazıçı, redaktor Rəşad Məcidi dəyişdirə bilmədi. Eynən roman qəhrəmanları kimi...”.

Nəhayət, tədbir iştirakçıları seyrəlir və biz söhbətimizə başlayırıq.

 

– Bütün yolu söhbətə necə başlayacağımızı düşünmüşəm. Mənə görə, Rəşad Məcid elə gənc, “525-ci qəzet”in yarandığı yaşdadır. Bayaqdan sizi müşahidə edirəm. Gün ərzində belə müraciətlər çox olur?

– İlk növbədə, Rəşad Məcidin yaşı söhbətindən başlasaq deyim ki, mən özümü hələ də gənc hiss edirəm. “525-ci qəzet”in ilk sayında da yazmışdım ki, bu qəzet gənclərin qəzeti olacaq. Həqiqətən də, qəzetimiz gənc jurnalist və yazıçıların yetişməsində böyük rol oynadı. Sonra tale elə gətirdi ki, Azərbaycan Yazıçılar Birliyində gənclərlə iş üzrə katib oldum. Mətbuat Şurasında da hazırda cavanlarla işləməkdən zövq alıram. Ona görə də məndə olan kreativlik, çeviklik bu ünsiyyətdən keçir. Eyni zamanda yaşca məndən böyük insanlar arasında da dostlarım var. Anar müəllim, Ramiz Rövşən, İsa Həbibbəyli, Afaq Məsud, Vilayət Quliyev, Seyran Səxavət... Bu insanlarla da hər zaman ünsiyyətdə olmuşam və sanki yaşlılarla gənclər arasında bir balans yaratmışam.

 

– Bu balansı yaratmaq çətin deyil ki? Müasir gəncliyin çox kaprizli olduğundan gileylənənlər var...

– Mənim üçün elə də problem olmayıb. Bir tərəfdə yaşlı yazarlarla oturmaq, bir tərəfdə də nisbətən gənc müəlliflərlə. Özümü hər iki tərəfdə rahat hiss edirəm. İstedadlı və savadlı gənclər mənim gözümün işığıdır. Həmişə onlara köməklik etməyə hazır olmuşam. Amma nə istedadı, nə də savadı olur, sadəcə, boş iddialarla çıxış edirlər, o zaman bir qədər sərt oluram. Bir ara belə bir ənənə yaranmışdı. Gənc yazar çıxır Yazıçılar Birliyini, Anarı bəyənmir, özündən yuxarılara daş atır. Mənə belə gəlir ki, bu dövr də artıq keçib. Zaman göstərdi ki, o daş atan cavanların əksəriyyəti heç özünü təsdiq də edə bilmədi. Bu baxımdan mən indi gənclərin tənqidlərinə çox sakit yanaşır, onları başa düşməyə çalışıram. Jurnalistika da, yazarlıq da çox uzun bir yoldur. Orxan Pamuk deyir ki, yazıçılıq iynə ilə quyu qazmaqdır. İndiki dövrdə yazıçılıq da az qala formasını dəyişir. Buna görə də keçmiş yazarlara, ədəbiyyatımızda xidməti olan insanlara qarşı aqressiv münasibətin sonu yoxdur və heç kimə də hörmət gətirmir.

 

– Rəşad müəllim, qeyd etdiyiniz dəyişiklik fonunda bu gün jurnalistika təhsili almağın nə dərəcədə əhəmiyyəti var? Bəzən deyirlər ki, yazı yazmaq qabiliyyətin varsa, jurnalistika təhsili almağına vaxt sərf etməyə dəyməz...

– Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul üçün testlə yanaşı, qabiliyyət imtahanı da keçirilir. Bu, vaxtilə Mətbuat Şurasının təşəbbüsü ilə yaranmışdı. Mətbuat Şurası idarə heyətinin üzvü professor Qulu Məhərrəmli bu imtahanların gərəksiz olduğunu düşünür. Bu müzakirələrdə fikirlər haçalanıb. Biz yəqin ki, Mətbuat Şurasında bu məsələni ayrıca müzakirə edəcəyik. Klassik jurnalistikada yaradıcılıq, yazmaq, müşahidə qabiliyyəti kimi keyfiyyətlər lazım idi. Bu gün jurnalistika həm də peşəyə çevrilib və hər adam bu işlə məşğul ola bilər. Amma mənim düşüncəmdə hələ elə deyil. Baxmayaraq ki, texnologiyaların inkişafı ilə razılaşıram, ayaqlaşmağa çalışıram, amma eyni zamanda istedad, qabiliyyət, müşahidə və yazmaq bacarığını zəruri meyar kimi qəbul edirəm.

 

“Son iki ildə enerjimin çoxu mətbuatla bağlı tədbirlərə gedir”

 

– Özünüzü bu gün daha çox hansı statusda görürsünüz: Yazıçılar Birliyinin katibi, yoxsa Mətbuat Şurasının sədri?

– Özümü həmişə “525-ci qəzet”in baş redaktoru kimi daha rahat hiss etmişəm. Bundan zövq almışam. Sonra, əlbəttə ki, Yazıçılar Birliyində gənclərlə işlədiyim dövr mənim həyatımın çox qaynar dövrü olub və gənclərlə, doğrudan da, ürəklə çalışmışam. Bu gün gənclərin bir çoxu onu gözəl nostalji xatirə kimi yada salır. Son iki ildə isə enerjimin çoxu Mətbuat Şurasına, mətbuatla bağlı tədbirlərə gedir. Çoxlu tədbirlərimiz olur və insanın fəaliyyəti şaxələnir. Artıq bu rejimə də öyrəşmişəm. Əslində, sakitlik və boşluq olan kimi darıxıram.

 

– Sakit, təmkinli, böyük səbir sahibi kimi görünürsünüz. Sanki daxili gərginliyinizi, çılğınlığınızı bütünlüklə şeirlərinizə tökürsünüz.

– Elə gənc yaşımda da çoxu məni təmkinli, hətta ağsaqqal kimi qiymətləndirib. Mətbuat Şurasının sədri olandan sonra daha çox tolerant və sakit olmağa çalışıram. Sanki şair Rəşad Məcid ikinci plana keçir. Eyni zamanda yəqin fikir vermisiniz ki, fasilələrlə də olsa, şeirlər yazılır. Axırıncı şeirlər kitabım bir neçə il əvvəl çıxmışdı. Bu yaxınlarda “Şuşa dəftəri” adlı silsilə şeirlərim “Azərbaycan” jurnalında çap olundu. O şeirlərin birində belə bir fikir var: “Üçcə gün telefonu söndürə bilsəm...”. Mən azad Şuşada 15 dəfə olmuşam. 15 dəfənin təəssüratını yazmaq üçün üç gün telefonu söndürməyə vaxt tapmırdım və nəhayət ki, tapdım və o şeirləri yazdım. Şeirlər də çox xoş reaksiya doğurdu. Türkiyədə də kitabım çıxacaq. Bu kitabı da İmdad Avşar tərcümə edib. Adı da elə “Şuşa dəftəri” olacaq.

 

“İlk şeirimi müəlliməmə həsr etmişdim”

 

– İlk şeirinizi nə vaxt yazmısınız?

– İlk mətbu şeirim “Cıdır düzü” 1981-ci ilin sentyabrında Xalq şairi Hüseyn Arifin “uğurlu yolu” ilə çap olunub. Vaqif Poeziya Günlərində də bu şeiri oxudum. Həmin vaxt mən Cıdır düzünü “tarixi möcüzə sərgisi” adlandırmışdım. Bu şeiri 1979-cu ildə, 15 yaşımda yazmışdım. Bundan 43 il sonra mən “Şuşa” şeirini yazdım və bu şeirə Xumar Qədimova gözəl bir mahnı bəstələyib. Ancaq ilk şeirimi ibtidai sinif müəlliməmiz Fəridə xanıma həsr etmişdim...

 

– Şeirlərinizə bəstələnən musiqilərdən daha çox ürəyinizcə olan hansıdır?

– Xumar Qədimova ilə əməkdaşlığımız çox maraqlı oldu. O, çox istedadlı, fərqli bir insandır. Şeirimlə tanışlığından sonra kitabımı aldı. Düzü, bilmirdim hansı şeirimə musiqi yazacaq.

Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın,
Bir də gəlməyəcək sənintək Qadın,
Nə mənim dünyama, nə bu dünyaya.

Bu şeirin strukturu elədir ki, fikirləşməzdim ki, hansısa musiqiyə uyğun gələcək. Amma Xumar xanım onu musiqiyə elə gözəl uyğunlaşdırdı ki... Bəzi qadınlar deyir ki, bu şeir mənə yazılıb. Mən də gülümsəyirəm. Xumar xanım mənim bir neçə şeirimə mahnı bəstələyib. Onların hər birinin özünəməxsus yeri var. Ən sonuncu “Şuşa”dır ki, bu da qala-şəhərimiz haqqında bir marş kimidir. Ən məşhuru isə “Bir də gəlməyəcək”dir.

 

– Vaxtilə müsahibələrinizin birində “Mən məğlub adamam” fikrini səsləndirmişdiniz.  Torpaqlarımız, xüsusilə Şuşa azad olunandan sonra  yəqin ki, bu qənaətdə olmazsınız...

– O vaxtlar ki torpaqlarımız işğal altında idi, mən Şuşanı, Ağdamı, doğulduğum Laçını tez-tez yuxuda görürdüm və onda yuxudan ayılıb özünü məğlub adam hiss edirdim. Möcüzəvi hadisələr baş verdi, bütün torpaqlarımız işğaldan azad olundu. Xankəndidə Azərbaycanın bayrağının dalğalandığını gördük. Bu mənada, əlbəttə ki, o məğlub ovqatı keçib gedib. Prezidentimizin də dediyi kimi, biz özümüzü qürurlu, qalib bir xalqın nümayəndəsi kimi hiss edirik. Mən Şuşada Şuşa haqqında şeirlərimi oxuyanda sanki qanadlanıb uçuram...

 

– Adamı daş adamlardan qala adam alsın gərək. Həyatınızda hansı daha çox olub?

– Həyatımda daş adamlar çox görürəm, amma qala adamlarla da rastlaşıram. Fikirləşirəm ki, insanı məhz qoruyan, güclü edən o qala adamlardır və həyatımda o cür qala adamlar olub, var və arzu edirəm ki, həmişə də olsun.

 

– Siz həm də Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvüsünüz. Həyatınızda əfv etdikləriniz çoxmu olub?

– Xaraktercə bağışlayanam, kinli deyiləm. Komissiyada ilk illərdə mənim üçün çox çətin idi. Çünki çalışırdım daha çox insana kömək edim. Bəlkə də elə xarakterim gətirib çıxardı ki, mən bu komissiyaya üzv oldum. Vətəndaş cəmiyyətinin nümayəndələri kimi daha çox mərhəmətə sığınaraq öz təkliflərimizi veririk.

 

“Mədəniyyəti önə çıxarmaq lazımdır”

 

– Mədəniyyətdə mətbuat və mətbuatda mədəniyyətlə bağlı düşüncələrinizi bilmək istərdik.

– “525-ci qəzet”də daim mədəniyyət sahəsinə xüsusi yer vermişəm. Həmişə də bildirmişəm ki, televiziya və qəzetlərdə mədəniyyətə axırda yer verilməsin. Uzun illərdir davam edən bu tendensiyanı dəyişmək və mədəniyyəti önə çıxarmaq lazımdır. Yeri gəlmişkən, “Mədəniyyət” qəzeti haqqında da fikirlərimi demək istərdim. Qəzetinizi yüksək qiymətləndirirəm. Əvvəla, zövqlü dizaynı, rəngli çıxmağını və mədəniyyət xəbərlərini ətraflı çatdırmağını. İstəyirəm ki, bütün mətbuat orqanları mədəniyyətimizə geniş yer versinlər.

 

– Rəşad müəllim, bir də baxdınız ki, ömrün 60-cı pilləsinə qədəm qoyursunuz. Bu pillədə nələr düşünürsünüz?

– Mənim üçün qorxulu yaş 40 idi. Fikirləşirdim 40 qocalıqdır. 40-dan keçəndən sonra gördüm heç elə bir fərqi yoxdur. 40 gəncliyin ən yaxşı dövrüdür. İndi 60-da da elə bir ağırlıq hiss etmirəm. Məsələn, Qulu Məhərrəmli ilə uzun illərdir yol yoldaşı olmuşuq. O bizdən 10 yaş böyükdür, maşallah, gümrahdır, çevikdir. Biz həmişə ona baxır və öz 10 il sonramızı görürük.

 

– Ən çox hansı musiqiləri dinləyirsiniz?

– Şuşada olanda gördüm ki, Xalq yazıçımız Anar səhər tezdən öz telefonunda müxtəlif musiqiləri dinləyir. Mən də o zaman öz sevimli mahnılarımı dedim. Bülbülün ifasında təsniflər, türk musiqisindən Candan Erçetin. Gənclik illərimin sevimli müğənnisi Sezen Aksu olub. Bodrumda konsertinə də getmişdim. Azərbaycan müğənnilərindən də sevdiklərim var. Dənizkənarı bulvarda bir guşə var, Şövkət Ələkbərova, Rəşid Behbudov, Zeynəb Xanlarova, Sara Qədimovanın ifalarını səsləndirirlər. Orada gəzməyi çox sevirəm.

 

– Bir qarabağlı kimi muğama marağınız necədir?

– Ağdamda oxumuşam, orada musiqi məktəbini bitirmişəm. Məşhur tarzən Fərhad Paşayev mənə dərs deyib. Maraqlıdır ki, mən çoxlu şeirlər əzbərləmişəm, amma muğam və musiqi mənim yadımda qalmayıb. Həmişə zarafatla deyirəm mən 5 il tar dərsi oxudum, amma “Cücələrim”dən başqa heç nə ifa edə bilmədim. Rəhmətlik Süleyman Abdullayev, Səxavət Məmmədov mənə deyirdilər ki, sən oxuma, sənin səsin oktavaya girmir. Səsim də olmayıb. Mən Seyran Səxavətin muğamı necə dərin bilməsinə heyrət edirəm. Sevirəm, zövq alıram, amma yadda saxlaya bilmirəm.

 

– Uşaq yaddaşınızda ən çox hansı hadisə qalıb?

– Torpaqlarımız işğal altında olanda da deyirdim, elə indi də gözümü yumanda ən çox Laçının Ağoğlan kəndində tut ağaclarının altında sərilmiş xalça-palazın, döşəyin üzərində uzandığım vaxtları xatırlayıram. Fikirləşirəm ki, ömrümün ən xoşbəxtlər anları məhz onda olub. Laçın işğaldan azad edildikdən sonra nənəmin Ağoğlandakı həmin həyətinə getdim. Evin uçuqları, ağaclar qalsa da, o xatirələrə bir də daldım. Uşaqlığım keçən o kənd mənim mənəvi rahatlığımın simvoludur.

 

“Kağızda çap olunan tarixdə qalacaq”

 

– Bugünkü Azərbaycan mətbuatını necə dəyərləndirirsiniz?

– Mətbuat deyiləndə böyük spektr başa düşülür. Bizim bəzi jurnalist dostlarımız var ki, onları klassik adlandırıram. Biz jurnalistikaya gələndə bu sahə bir ruh işi, ideologiya idi. İndi, sadəcə olaraq, bir peşəyə çevrilib. Jurnalist adına çoxsaylı iddia edənlər var. Blogerlər, youtuberlər və s. Bu mənada, xaotik bir vəziyyət yaranıb. Yaxşı ilə pisin, dəyərli ilə dəyərsizin sərhədləri pozulub. Elə bilirəm ki, bu gün jurnalistikamızın bir az yaxşı dövrü deyil. Amma peşəkar jurnalistikanın qalib gələcəyinə həmişə inanmışam. Bu mərhələ də keçəcək və cəmiyyətin yenə də peşəkar jurnalist sözünə böyük ehtiyacı olacaq.

 

– Çap mediası, yoxsa onlayn media? Bəzi insanlar ənənəvi qəzetə ehtiyac qalmadığını düşünürlər.

– Qəzetçilik bütün ömrümü sərf etdiyim bir sahə olsa da, görürəm ki, qəzetin yazılı variantı sıradan çıxır. Qəzetlərdə çox ciddi yazılar çap olunur ki, onları oxumaq lazımdır. Məsələn, “525-ci qəzet”də Həsən Həsənov və Vilayət Quliyevin ortaq türk əlifbası ilə bağlı məqalələri, yaxud Anar müəllimin son hekayəsi. Akademik Rafael Hüseynov qəzetimizin daimi yazarlarından biridir. O düşünür ki, saytda çıxan yazı qalmayacaq, amma kağızda çap olunan tarixdə qalacaq. Bu baxımdan mən də elə düşünürəm. Bir gün bir düyməni basmaqla bütün bu yaddaş pozulacaqsa, deməli, kağız yaddaşı daha möhkəmdir. Ötən əsrdə çap olunan jurnal və qəzetlər bu gün kitab halında çap olunur. Həmin nəşrlərlə tanış olduqca görürük ki, dövrün ən gözəl mənzərəsi həm də o qəzetlərdədir. Qəzetdə həqiqət daha çox əks olunur.

 

– Dəyərli vaxtınızı ayırdığınıza görə təşəkkür edirik. Qəzetimizin kollektivi adından doğum gününüzü və yubileyinizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

– Çox sağ olun. Bu qədər qaçaqaçda sizin suallarınız məni real həyatdan ayırıb xatirələrə daldırdı və xoş münasibətiniz məni mütəəssir etdi. Çoxdandır belə müsahibəm olmamışdı. Yubileyin ən birinci təbriki də sizdən oldu.

Lalə Azəri