Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssam Şəmsəddin Böyükdüzlünün “Unudulmaz şəhidlər” adlı fərdi sərgisi açılıb. Sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və NMR Rəssamlar Birliyinin birgə təşkilatçılığı gerçəkləşib.

NMR Rəssamlar Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu qəbildən ailələrə bütün sənət adamları kimi rəssamlarımız da ehtiramla yanaşırlar.

Sosial Xidmətlər Agentliyi idarə heyətinin sədr müavini Naib Əlizadə, agentliyin Şəhid ailələri və müharibə ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri Üzeyir Məmmədov, həmçinin şəhid valideynləri Vətən fədailərinin qəhrəmanlığının xalqımızın qəlbində əbədi yaşayacağını deyib, rəssama təşəkkür ediblər.

Şəmsəddin Böyükdüzlü şəhidlərimizin portretlərini çəkməyi özünə borc bildiyini vurğulayıb.

Sərgi ilə tanışlıqdan sonra nümayiş olunan 15 portretdən 13-ü şəhid ailələrinə təqdim edilib.