Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırımızı Qəsəbənin yaradılmasının 290-cı ildönümü münasibətilə sərgi açılıb.

Qəsəbədəki Dağ Yəhudiləri Muzeyində təşkil edilən sərginin açılış mərasimində bildirilib ki, Azərbaycanda hər zaman multikulturalizm və tolerantlıq dəyərlərinə, ölkədə yaşayan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasına, yerli əhali ilə inteqrasiyasına xüsusi önəm verilib.

Qeyd olunub ki, Qırmızı Qəsəbənin tarixinin, dağ yəhudilərinin müxtəlif dövrləri əhatə edən həyat tərzinin, maddi və mənəvi mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə 2019-cu ildə qəsəbədə Dağ Yəhudiləri Muzeyi yaradılıb.

Sərgi ilə tanışlıqdan sonra iştirakçılar Qırmızı Qəsəbəyə həsr olunan videoçarxı izləyiblər.

Qeyd edək ki, Qırmızı Qəsəbə Qudyalçayın sol sahilində yerləşir. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər Quba xanlığına köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub.

Nurəddin