“3100 dollara necə ailə saxlayaq?”
Polşanın 1995–2005-ci illərdə prezidenti olmuş Aleksandr Kvasnevski pensiyasının yetərli olmadığından şikayətlənib.
Onun sözlərinə görə, hazırda sabiq prezident kimi təqaüdü təxminən 12 min zlotı (təxminən 3100 dollar) təşkil edir ki, ondan hələ vergi də ödəməlisən.
“Bu məbləğ mənim böyük ailəm üçün yetərli deyil. Odur ki, əlavə pul qazanmaq lazım gəlir”, – deyə Kvasnevski narazılığını dilə gətirib.
Sabiq dövlət başçısı əlavə edib ki, onu işləməyə vadar edən təkcə maddi səbəblər deyil: “Nə qədər ki, insanı dəvət edirlər, nə qədər ki, dinləmək istəyirlər, o zaman buna sevinə bilərsiniz. Bu o deməkdir, mən lazımam, hələ də bir şey edə bilərəm”.
1990–1995-ci illərdə Polşanın dövlət başçısı olmuş Lex Valensa da bir qədər əvvəl maddi sıxıntıları olduğunu dilə gətirib. O da ayda 11-13 min zlotı təşkil edən təqaüdün məbləğindən razı olmadığını deyib: “Razı olsaydım, göbələk yığmağa, yaxud balıq tutmağa gedərdim, amma yenə də dünyanı gəzərək işləyirəm”.
Xatırladaq ki, Lex Valensa prezidentlikdən öncə Polşanın “Solidarnost” həmkarlar hərəkatının lideri kimi Nobel Sülh Mükafatına (1983) layiq görülmüşdü.