Xəbər verdiyimiz kimi, Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti 23-25 avqust tarixlərində Çinin paytaxtı Pekində nümayiş olunacaq.
Dünyanın bir sıra səhnələrini fəth etmiş əsər Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstəriləcək.
Truppanın bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşaya çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər. Bu, yeni açılan Pekin İncəsənət Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olacaq.
Əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa edəcəklər. Avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycanın Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Tamaşada Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da iştirak edəcəklər. Eləcə də tarda solistlər – Azərbaycan Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.
Çin Milli Baletinin simfonik orkestrinin dirijor pultu arxasında Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev olacaq.
“Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biri kimi geniş qastrol coğrafiyasına malikdir.
“Min bir gecə” baletinin Pekin ictimaiyyəti tərəfindən rənglərin zənginliyini və misilsiz mədəniyyətinin koloritini əks etdirən irimiqyaslı tamaşa kimi qəbul edilməsi bizim üçün çox vacibdir. Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, – deyə xoreoqraf Eldar Əliyev deyib.
Qeyd edək ki, məşhur xoreoqraf soydaşımız Eldar Əliyev 2016-cı ildən Mariinski Teatrının Primorski səhnəsi balet truppasına rəhbərlik edir. O, Bakı Xoreoqrafiya Məktəbinin yetirməsidir, 1979–1992-ci illərdə indiki Sankt-Peterburq Mariinski Teatrının balet artisti olub. Müxtəlif ölkələrdə xoreoqraf kimi fəaliyyət göstərib, Çinin Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.