“Teatr binaları” silsiləsindən növbəti yazı
… “Atanla birlikdə müəllimlərin avqust konfransından çıxıb getdik Zəhra bibingilə. Təzə evlənmişdik, baldızım məni ayaqaçdıya çağırmışdı. Bibingilin məhləsinə çatanda gördük ki, orda bir vur-çatlasın var, gəl görəsən. Söküntünün içindən birtəhər keçib bibigilə çatdıq. Çatan kimi də Zəhra dedi ki, düz bizim məhlənin yerində teatr binası tikiləcək, bizim evlər də plana düşüb, söküləcək. Bir qədər sonra qonşu uşaqlardan biri qaçıb gəldi ki, başladı. Hamımız Zəhragilin evinin damına çıxıb baxdıq. Teatrın təməlqoyma mərasimi idi. Xeyli hökumət adamı, sənətkar yığışmışdı. Çıxış edənlərdən Mirzə İbrahimovla Adil İsgəndərovu tanıdım”…
Bu, mənim teatrsevər, müəllim anam Cənnət xanımın gənclik xatirəsidir. İşə bax ki, uşaq vaxtı eşitdiyim əhvalat indi, həmin xatirənin yaranmasından düz 70 il sonra “Teatr binaları” silsiləsindən hazırladığım yazıda işimə yarayır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni binası Bakıdakı digər teatr binaları ilə müqayisədə xeyli cavan sayılsa da, nədənsə onun haqqında məlumat tapmaq qəliz məsələdir. Deməli, bu boşluğu mümkün qədər doldurmaq gərəkdir.
İllərdən bəri formalaşmış məşhur ifadəni işlətsək, Azdrama binasının tarixi ilə bağlı axtarışa çıxanda məlum oldu ki, rəhmətlik anam yanılmayıbmış. “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) 28 avqust 1954-cü il tarixli sayında birinci səhifədə yeni binaya dair Azər.TA-nın (indiki AZƏRTAC) geniş məlumatı yer alıb.
“M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının yeni binasının bünövrəsi qoyulmuşdur” başlıqlı materialda oxuyuruq: “Avqustun 27-də Bakı şəhərinin yüzlərlə nümayəndəsi, ədəbiyyat və incəsənət işçiləri, partiya, sovet və həmkarlar ittifaqı işçiləri M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisi meydançasına toplaşmışdılar. Burada teatr binasının bünövrəsinin qoyulması münasibəti ilə təntənəli mitinq oldu.
Mitinqi Azərbaycan KP (Kommunist Partiyası – red.) Bakı şəhər komitəsinin katibi M.Qurbanov açaraq, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İbrahimov (yazıçı Mirzə İbrahimov 1954–1958-ci illərdə respublika Ali Soveti Rəyasət Heyətinin sədri olub) yoldaşa söz verdi.
M.İbrahimov yoldaş öz çıxışında qeyd etdi ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikilməsi respublikanın mədəni həyatında böyük hadisədir. Bu, bir daha sübut edir ki, Kommunist Partiyası və Sovet hökuməti Azərbaycan xalqının mədəni inkişafı üçün daim qayğı göstərirlər”.
Məlumatda daha sonra teatrın direktoru Adil İsgəndərovun, neft sənayesi naziri T.Qasımovun da çıxış etdiyi yazılıb. Buradaca oxucuya məlumat verək ki, teatr binasının tikintisi məhz bu nazirliyin nəzdindəki 3 nömrəli tikinti idarəsinə tapşırılmışdı.
Məlumatda daha sonra deyilir: “Azərbaycan paytaxtında ən gözəl binalardan birini yaratmaq inşaatçılar üçün böyük şərəfdir. Onlar həmin obyektin tikintisinə dair 1954-cü ilin tapşırığını dekabrın 20-dək yerinə yetirmək, teatrın tikintisini vaxtından əvvəl başa çatdırmaq və onu əla qiymətlə təhvil vermək üçün bütün öz təcrübə və biliklərini sərf edəcəklər”.
Belə baxanda sitat gətirdiyimiz cümlələr kiçik bir yazıdandır, amma həm də xəbərdir. Üstəlik, təkcə konkret işlə əlaqəli yox, hadisədən 70 il keçəndən sonra həm də dövrün ideoloji mühitini, qaydalarını çatdıran bir xəbərdir.
Sonra, indiki dillə desək, təməlqoyma mərasimində binanın memarlarından Qəzənfər Əlizadə, tikinti idarəsinin bənnalar briqadasının başçısı Hüseynov da nitq söyləyiblər.
Sonda Mirzə İbrahimov tunc kuboku binanın bünövrəsinə qoyur. Maraqlı olan isə kubokun üstündəki yazıdır: “1954-cü il avqustun 27-də Bakı şəhəri zəhmətkeşlərinin nümayəndələri M.Əzizbəyov adına Dövlət Dram Teatrının bünövrəsini təntənəli surətdə qoydular. Bina arxitektorlardan Əlizadə və Mədətovun layihəsi üzrə tikilir. Binanı Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin Azərbaycan məhəlli tikinti idarəsi tikir.”
***
Azdrama üçün yeni binanın tikilməsi məsələsi hələ 1940-cı illərin sonu – 1950-ci illərin əvvəlində aktuallaşmışdı. İndiki Neftçilər prospektindəki bina (Musiqili teatrın yerləşdiyi bina) Dram teatrının tələblərinə cavab vermirdi. O zaman yeni binanın layihəsi memar Qəzənfər Əlizadəyə tapşırılmışdı. Qəzənfər Əlizadə layihələrində Azərbaycan və klassik Qərb memarlığının fraqmentlərini böyük bacarıqla uzlaşdırmağı bacarırdı.
Teatr binasının tikilməsi üçün qədim Quba meydanına çıxan, məşhur Sovetski məhəlləsinin ən aşağı hissəsindəki daxma tipli, köhnə, komfortlu yaşayış üçün heç bir şəraiti olmayan tikililər söküldü, həmin evlərin sakinlərinə o zaman sürətlə inkişaf edən Nərimanov (indiki Cavid) prospektində (metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz) yerləşən beşmərtəbəli “xruşovka” deyilən binalarda mənzillər verildi.
Teatrın binası altı ilə tikildi. 1960-cı ildə Azərbaycanda sovet hakimiyyətinin qırxilliyi təzə teatr binasında qeyd edildi. Sov.KP MK-nın Birinci katibi Nikita Sergeyeviç Xruşşov bu münasibətilə Bakıya səfər etmiş, yeni binada təşkil olunan bayram tədbirində çıxış etmişdi.
Lakin teatrın kollektivi təzə binaya yayda, teatrların sakit mövsümündə yığışdı. Bunun bir səbəbi də, çox güman ki, teatrın əsas tamaşa salonu, foyesi, tamaşaçıların görə biləcəyi bütün məkanları hazır olsa da, məşq, qrim otaqları, rekvizit otaqları kimi yardımçı bölmələrinin istifadəyə hələ tam hazır olmaması idi. Ehtimalımızı dəqiqləşdirmək üçün bir sıra mənbələrə müraciət etdik. İkicildlik “Akademik Milli Dram Teatrı: foto-salnamə” kitab-albomunu (2010) vərəqləyəndə ehtimalımız təsdiqləndi.
“22.09.60. Kollektivin bütün üzvləri məzuniyyətdən və əlavə istirahətdən qayıtdılar. Yığıncaq oldu. Mədəniyyət naziri Abdulla Bayramov bildirdi ki, bina tam hazır deyil. Nazir kollektivə 23, 24, 25 və 26 sentyabrda əlavə istirahət günləri verilməsini təklif etdi. 27.09 qanuni istirahət günüdür” (II cild, s. 159).
Təxminən iki həftə ərzində kollektiv Bakı qəsəbələrində səyyar tamaşalarla çıxış edir. Nəhayət, oktyabrın 15-nə dair qeyddə oxuyuruq: “Teatr mövsümünün açılışı münasibətilə yığıncaq oldu. M.Qurbanov, A.İsgəndərov, A.S.Gəraybəyli, Ə.H.Ələkbərov, A.Babayev, N.M.Hidayətzadə çıxış etdilər.
Saat 19-da teatrın kollektivi, SSRİ Xalq artisti Bülbül, A.İsgəndərov, S.Rəhman, Ə.Şərifov, yaşlı aktyorlar, tanınmış sənətkarlar pərdə qabağına çıxdılar. Qırmızı lenti mədəniyyət naziri A.S.Bayramov kəsdi. Məxmər pərdəni A.İsgəndərov və Ə.N.Ələkbərov açdılar.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının rəhbərləri iştirak edirdilər. Tamaşadan sonra V.Y.Axundov (Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov – red.), M.Ə.İsgəndərov (Azərbaycan SSR Nazirlər Sovetinin sədri Məmməd İsgəndərov), S.M.Cəfərov (Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Səftər Cəfərov) səhnə arxasına gəlib aktyorları və teatrın bütün işçilərini təbrik etdilər. Yeni binanın açılışı günü ilk tamaşa “Almaz” əsəri oynanıldı”.
Teatr binası sovet moderni üslubu ilə klassik üslubun uzlaşdırılması tərzində, paralelepiped formasında inşa edilmişdi. Binanın fasadı sütunlar və hündür tağ pəncərələrlə həll edildiyindən onun görkəmi ağır təsir bağışlamırdı. Əməkdar memar, memarlıq elmləri üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nizami Nağıyev “Azərbaycan Respublikası şəraitində memarlıq irsinin mənimsənilməsi prinsipləri, kütləvi yaşayış tikintisinin estetikası və memarlığın yaradıcı istiqamətinin təkamülü” əsərində teatr binası və onun memarları haqqında belə yazır: “Ruhən milli memarlığın yaradılması memar Q.Əlizadənin axtarış predmetidir. Onun memar M.Mədətov ilə birlikdə layihəsini verdiyi Azərbaycan Dram Teatrının binası memarlıq-məkan və plastik həllinə görə maraqlıdır. Binanın kompozisiyası order memarlığının klassik həllində milli ruhun interpretasiyasına əsaslanır. Tökmə sütunlardan istifadə etməklə qurulmuş çoxsütunlu çardaq eyvan formasında həll edilib ki, bu da Azərbaycan xalq memarlığında yay tikililərinin tərtibat formasıdır”.
Eyvanda pəncərə çərçivələrinin arasında Azərbaycan ədəbiyyatının məşhur simalarının heykəlləri qoyulub. Eyvandakı şəbəkə işləmələr binanın sərt düzbucaqlı formasına zəriflik bəxş edərək onun vizual qavrayışını xeyli yumşaldır.
Teatrın binası müxtəlif baxış nöqtələrindən yaxşı görünür. Onun dərin çardaqlı eyvanı bütün rakurslarda göz oxşayır. Teatrın zərif interyerləri binanın möhtəşəm xarici simasının məntiqi davamı idi. Layihə müəllifləri o illərin dəbinə uymadan interyer bəzəklərində pafosdan mümkün qədər qaçmağa çalışmışdılar. Foyenin və salonun tərtibatında mərmər və fiqurlu yapma detallardan istifadə olunmuşdu. Binanın planlaşdırılmasında bir mühüm cəhət də bu idi, o vaxt 740 nəfər tamaşaçıya hesablanmış salon ikinci mərtəbədə yerləşirdi, bura iki tərəfdən enli mərmər pilləkən qalxırdı. Tamaşaçı yerləri parterdə, beletajda, eyvanda və iki yaruslu lojalarda yerləşirdi.
Bina hazır olandan sonra aydın oldu ki, teatr şəhərin ən gözəgəlimli tikililərindən biridir və o, Bakının bənzərsiz simasının formalaşmasında aparıcı rollardan birini oynayacaq. Teatr keçmiş Quba meydanının (o zaman isə Dmitrov meydanının) əsas memarlıq nümunəsinə çevrildi.
Lakin binanın tikilməsi Bakının baş planına təsirsiz ötüşmür. Bina Sabunçu vağzalından üzüyuxarı, ta Dağlıq küçələrini kəsənədək Sovetski məhəlləsinədək qalxan Basin (indi Füzuli) küçəsinin yolunu kəsdi və Basin küçəsi 1 ünvanını daşımağa başladı. Beləliklə, artıq Bakı şəhərsalma və memarlıq baxımından yaranmış bir problemi həll etməli idi: respublikanın ana teatrının qarşısı təkcə abad və geniş yox, həm də şəhərin görkəminə öz töhfəsini verəcək meydanla süslənməli idi. Bu, artıq başqa bir yazının mövzusu olduğu üçün onu başqa vaxta saxlayırıq.
1960-cı ildən sonra teatrın binası bir neçə dəfə təmirə bağlandı. Bu da təbii idi, insanlar kimi binalar da qocalır. Üstəlik, tikinti-təmir, bərpa texnologiyaları durmadan yenilənir və teatr tamaşalarına təkcə sənət baxımından deyil, həm də texniki baxımdan tələblər dəyişir.
Burada hələlik son dəfə 2008-2010-cu illərdə əsaslı təmir və yenidənqurma işləri görülüb. Bərpaçıların qarşısında memarların ilkin layihəsini pozmadan binaya yeniliklər gətirmək kimi vəzifə qoyulmuşdu. Binanın fasadı yeniləndi, ona bəzəkli panellər və şüşə virajlar əlavə edildi. Altı görkəmli Azərbaycan dramaturqunun eyvandakı büstü də bərpa edilərək yerinə qaytarıldı.
Bundan başqa, dekorasiyaları daşımaq üçün xüsusi keçid, əlavə olaraq yeni ikimərtəbəli bina və digər yardımçı tikililər inşa edildi. Dülgər, çəkmə və tikiş sexləri əsas binadan yeni korpusa köçürüldü. Tamaşa salonunda müasir işıqlandırma və akustika sistemləri quraşdırıldı. Azdrama 2010-cu il martın 10-da – Milli Teatr Günündə teatr yenilənmiş binada və 540 nəfərlik tamaşaçı salonunda gec də olsa, teatr mövsümünü açdı...
***
“Teatr binaları” silsiləsinə başlayanda, təbii ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası barədə də yazı nəzərdə tutulmuşdu. Nədənsə, digər binalar barədə material tapmaq daha asan olduğundan, ya da hansısa səbəbdən bu teatr binası barədə yazımız avqusta qaldı. Necə deyərlər, söz vaxtına çəkər. Hər təsadüfdə bir zərurət varmış. Bu ay paytaxtımızın ən gözəl binalarından birinin təməlinin qoyulmasının düz 70 ili tamamdır. Bu da bir tarix, əlamətdar gündür.
Oxuduğunuz araşdırma yazısı da “Mədəniyyət” qəzetinin həmin əlamətdar günə töhfəsi olsun.
Gülcahan Mirməmməd