Ağdaş rayon Mərkəzi Kitabxanası və Ağdaş rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq!” adlı maarifləndirici tədbir keçirilib. Çıxışlarda narkomaniyanın sağlam həyat tərzi üçün təhlükə olduğu, narkotik vasitələrin gəncləri fiziki və psixoloji cəhətdən məhv etdiyi, narkomaniyaya qarşı mübarizənin hər kəsin vətəndaşlıq borcu olduğu vurğulanıb. Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib, gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən məktəblilərin yay tətilinin səmərəli keçməsi üçün ustad dərsi təşkil edilib. Dərsdə uşaqlar müxtəlif texnikalarla gipsdən hazırlanmış fiqurları rəngləyiblər.
***
Masallı rayon Mərkəzi Kitabxanası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı regional bölməsinin birgə təşkilatçılığı ilə rayon Gənclər evində “Dinimiz və ətraf mühit” mövzusunda tədbir keçirilib. Ətraf mühiti qorumağın dinindən, dilindən və mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin borcu olduğu vurğulanıb. Bildirilib ki, insanların təbiəti qorumaq və düzgün şəkildə istifadə etmək vərdişlərinin inkişafında maarifləndirmənin əhəmiyyəti böyükdür. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Lerik rayon Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı “Təbiəti qorumaq hamının borcudur!” devizi altında iməcilik təşkil edilib. Kitabxananın həyətyanı sahəsində təmizlik işləri aparılıb.
***
Qax rayon Sarıbaş kənd Mədəniyyət evinin təşkilatçılığı ilə “Unutmaz bu oba, bu mahal sizi” adlı tədbir keçirilib. Çıxış edən ziyalılar kəndin tarixindən, rayonun mədəni həyatındakı rolundan danışılıb. Həmçinin ölkəmizdə milli dövlətçiliyin, adət-ənənələrin, milli-mənəvi dəyərlərin ümumbəşəri amillərlə ahəngdar əlaqələndirilməsi istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirdə Sarıbaş kəndinə həsr olunmuş mahnılar ifa olunub, şeirlər səsləndirilib.
Hazırladı: N.Məmmədli