Bonayre adasının müqəddəratını təyinetmə yolu Bakıdan keçir

 

Avqustun 22-də paytaxtımızda “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderland Krallığının müstəmləkəçiliyi altında olan Bonayre adasına (Karib dənizi, Cənubi Amerika materikindən (Venesuela sahili) 80 kilometr məsafədə, ərazisi 288 kvadrat kilometr) həsr edilib. 

Konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, dekolonizasiya üzrə ekspertlər  iştirak ediblər.

Tədbir iştirakçıları Bonayre xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması ilə bağlı müzakirələr aparıblar.

Konfransın təşkilində məqsəd Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına təqdim edəcəyi qətnamə layihəsi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev çıxışında diqqətə çatdırıb ki, 2015-ci il referendumunun nəticələri Bonayre xalqına öz müqəddəratını təyin etmək hüququ verir.

“Bizim missiyamız üçün vacib olan amil insanların öz müqəddəratını təyin etmək, mədəni kimliyini qorumaq və etik inkişaf hüquqlarıdır. Lakin bu hüquqlar ayrılıqda tam həyata keçirilə bilməz. Biz səsimizi gücləndirmək, eyni zamanda, ədalətin, sadəcə, ideal deyil, hamı üçün reallıq olmasını təmin etmək üçün qlobal ictimaiyyətin dəstəyinə və anlayışına inanırıq”, – deyə Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar söyləyib.

Konfransın yekunlarına dair bəyannamə qəbul edilib.

Bəyannaməni Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov oxuyub.

Sənəddə bildirilir ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Bonayre dövlətinin və xalqının bütün hüquq və azadlıqları BMT Nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Bonayre ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Bu ilin oktyabrında Bonayre rəhbərliyi adanın “G24” layihəsinə əlavə olunması üçün BMT-yə qətnamə layihəsi təqdim edəcək.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransda yaradılıb. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.