Xəzərdəki vulkanik mənşəli adalara tur təşkil edilib

 

UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda geoparkların yaradılması və Qlobal Geoparklar Şəbəkəsinə qoşulmağa dair fəaliyyət planı həyata keçirilir.

Plana  uyğun olaraq, yaradılması nəzərdə tutulan geoparka daxil olan palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və mütəxəssislərdən ibarət qruplar iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tur iştirakçıları Xəzərin Bakı arxipelaqında yerləşən vulkanik mənşəli Xarə, Zirə, Qarasu, Səngi-Muğan, Zənbil adalarına ekskursiya edərək bu ərazilərin ekoturizm potensialını qiymətləndiriblər. Xüsusi mühafizə edilən təbiət ərazilərindən olan geopark statuslu məkanlar yaxın gələcəkdə turizmin bir qolu olan geoturizm üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, Azərbaycanda palçıq vulkanlarının bazasında geopark şəbəkəsinin yaradılması işləri yekunlaşma mərhələsindədir.

UNESCO-nun geoparkların yaradılmasına dəstəklə bağlı proqramı 2002-ci ildən fəaliyyət göstərir. Hazırda UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə 48 ölkədən 213 park daxildir.