Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ötən ildən sıx əlaqələr qurduğu Sankt-Peterburqun Aleksandrinski Teatrı ilə əməkdaşlığı uğurla davam edir. 19-20 sentyabr tarixlərində Rusiya teatrı Bakıya qastrola gələcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində qonaq truppa Akademik Milli Dram Teatrının səhnəsində N.Qoqolun “Evlənmə” əsəri əsasında eyniadlı tamaşanı təqdim edəcək. Səhnə əsərinin quruluş müəllifi Rusiyanın məşhur rejissoru Xalq artisti Valeri Fokindir.
Məlumat üçün deyək ki, Aleksandrinski Teatrında “Evlənmə” tamaşasının premyerası 2008-ci ildə, rus ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun 200 illik yubileyi ərəfəsində olub. Tamaşa həmin mövsümdə iki nominasiyada – “Ən yaxşı rejissor işi” və “Ən yaxşı rəssam işi” üzrə Rusiya Milli Teatr Mükafatı – “Qızıl maska”nın laureatı olub. Bu, Rusiya Federasiyasının incəsənət sahəsində ən nüfuzlu mükafatıdır.
Onu da qeyd edək ki, Akademik Milli Dram Teatrının beynəlxalq əməkdaşlıq planları genişdir. Sənət ocağı qarşılıqlı səfərlərin təşkili, müştərək tamaşa layihələri ilə bağlı Belarus və Serbiya teatrları ilə danışıqlar aparır. Yaxın zamanda hər iki ölkənin milli teatrları ilə memorandum imzalanacaq.