Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə layihəsi əsasında “Mən, Lalə, bir də Şerlok Holms” adlı teleserial çəkilir. Çəkilişlər əsasən Balakən rayonunda aparılır.
Serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik Murad növbəti dəfə yay tətilinə çıxıb və istəməsə belə, valideynləri işdə olduğu üçün bütün yayı nənə və babasının yanında – kənddə keçirəcək. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qacetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır.
Muradın babası Oqtay təqaüddə olan polis polkovnikidir. Nənəsi Almaz xanım isə keçmiş ədəbiyyat müəllimidir və bədii ədəbiyyat nümunələri ilə zəngin böyük kitabxanası var. Babasıgildə qaldığı müddət ərzində Murad da kitablara maraq göstərir. Bir-bir o kitabları oxumağa başlayır. Murad hər seriyada bir kitab oxuyur və kitabın qəhrəmanını xəyalında canlandırır.
On iki hissədən ibarət teleserialda Şerlok Holmsu Əməkdar artist Rasim Cəfər oynayır. Teleserialda Azərbaycanın “Avroviziya–2011” təmsilçisi müğənni Eldar Qasımov da rol alıb.
Serialın ideya müəllifi və ssenaristi Tural Sevdimalı və Vüqar Hüseynovdur. Baş prodüser Amiran Babayev əmindir ki, balacalar bu teleserialdan motivasiya götürərək daha çox kitab oxumağa, daha çox savadlı olmağa səy göstərəcəklər.