“TÜRKSOY-un rəssamlar görüşü” Qaqauz Yerinin 30 illiyinə həsr olunub
Bu il Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin yaradılmasının 30-cu ildönümü qeyd edilir. Bu münasibətlə 19-27 avqust tarixlərində “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü keçirilir. “TÜRKSOY-un rəssamlar görüşü” ənənəvi layihəsinə bu dəfə Qaqauz Yeri ev sahibliyi edir.
Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi Türk dünyası rəssamları arasında təcrübə mübadiləsinə şərait yaratmaq və qaqauz mədəniyyətini rəsmlərin dili ilə beynəlxalq aləmə tanıtmaqdır.
Azərbaycanın da təmsil olunduğu sənət görüşü “Müasir Qaqauz Yeri”, “Qaqauz diyarının təbiəti”, “Qaqauz xalqının adət-ənənələri” mövzularını əhatə edir.
Qaqauz Yerinin mərkəzi Komrat şəhərindəki Yerli Təsviri İncəsənət Qalereyasında təşkil olunan açılış mərasimində vilayətin Baş Mədəniyyət İdarəsinin rəisi Marina Semyonova və qonaq rəssamlar çıxış ediblər.
Əvvəlcə TÜRKSOY-un baş katibi Sultan Raevin təbrik məktubu oxunub, sonra digər iştirakçılar da yubiley münasibətilə xoş arzularını dilə gətirib, tədbirin əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, rəssamlar görüşü çərçivəsində fırça ustaları Qaqauz Yerinin müxtəlif bölgələrini gəzərək qardaş xalqın həyatını kətan üzərində əks etdirmək imkanı qazanacaqlar. Yekunda ərsəyə gəlmiş rəsmlərin sərgisi təşkil olunacaq.
Qeyd edək ki, qaqauzların əksəriyyəti 1940-cı ildə yaradılan Moldova Respublikasının cənub sərhədlərinə daxil olan mərkəzi Bucağın (Moldova Respublikasının bir hissəsi olan Qaqauz Yeri Muxtar Vilayəti bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır) şimal hissəsində yaşayırlar.
XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslav xristianlığını qəbul edib, daha sonra Osmanlı hakimiyyəti altında yaşayıblar. Osmanlı zamanında Rumıniyaya bağlı olan indiki Qaqauz Yeri İkinci Dünya savaşı zamanı Sovet İttifaqının (o vaxtkı Moldova SSR) tərkibinə qatılıb. SSRİ-nin dağılması və Moldova Respublikası müstəqilliyini bərpa edəndən üç il sonra, 1994-cü il dekabrın 23-də soydaşlarımız Qaqauz Yeri Muxtar Vilayətini qurmağa nail olublar.
Qaqauziyada əhalinin sayı 160 mindən çoxdur. Onların əksəriyyəti (82%) qaqauzlardır. Qalan qismini bolqarlar, moldavanlar, ruslar, ukraynalılar və digər xalqlar təşkil edir. Qaqauzlar muxtar bölgənin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında kompakt olaraq, Bessarabka rayonunda digər xalqlarla qarışıq yaşayırlar.
Son illərdə Qaqauz Yerinin Türk dünyasına inteqrasiyası ilə bağlı əhəmiyyətli addımlar atılıb. Qaqauz Yeri TÜRKSOY-da müşahidəçi üzvlük statusuna malikdir.