O, milli kinomuzda Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski, Mirzə Səfər və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. “Böyük dayaq” filmində çəkildiyi ilk rolu – Qaraş obrazı ilə kino aktyoru kimi özünü sübut edib və bununla onun böyük sənət yolu başlanıb. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...
Avqustun 26-da kino sənətimizin inkişafında mühüm xidmətləri olan aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Məmmədovun vəfatının 21-ci ildönümü tamam oldu.
Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişləri ilə əlaqədar fasilələrlə bu teatrda çalışıb.
1962-ci ildə debüt etdiyi “Böyük dayaq” filminin (quruluşçu rejissor Həbib İsmayılov) ekranlara çıxmasından sonra məşhurlaşan Həsən Məmmədov ard-arda kino çəkilişlərinə dəvət alır. “Arşın mal alan” (1965, Əsgər), “Bir cənub şəhərində” (1969, Murad), “Sevil” (1970, Balaş), “Yeddi oğul istərəm... “(1970, Bəxtiyar), “Axırıncı aşırım” (1971, Abbasqulu bəy), “Gün keçdi” (1971, Oqtay) və s. filmlərdəki rolları ilə geniş tamaşaçı rəğbəti qazanır.
Həsən Məmmədov 1972-ci ildə teatrdan çıxaraq “Azərbaycanfilm”ə keçir və bundan sonrakı 20 ilini bütünlüklə kinoya həsr edir. Akademik Milli Dram Teatrın direktoru və bədii rəhbəri Həsənağa Turabovun dəvəti ilə 1992-ci ildən yenidən bu kollektivin aktyor truppasında çalışmağa başlayır. Onun teatrdakı rolları sırasında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqların əsərlərindən bir çox xarakterik obrazlar var.
Bununla belə, geniş tamaşaçı kütləsi onu daha çox kino aktyoru kimi tanıyıb, sevib, bu gün də onun çəkildiyi filmləri rəğbətlə izləyir. Bu sırada yuxarıda qeyd edilən rollardan savayı “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisigün, gecəyarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Doğma sahillər” (Nuru), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad) kimi obrazları yada sala bilərik.
Ümumilikdə sənətkarın filmoqrafiyasında 70-dək ekran əsəri var.
Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə “Əməkdar artist”, 1982-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, “Birisigün, gecəyarısı” kinolentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan SSR Dövlət mükafatları ilə təltif edilib.