Azərbaycan

 

28 avqust 1935 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

28 avqust 1948 – Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 – 2.2.2003) anadan olub.

28 avqust 1984 – Xalq artisti, tanınmış müğənni Rübabə Xəlil qızı Muradova (22.3.1933 – 1984) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli (“Leylı və Məcnun”), Ərəbzəngi (“Şah İsmayıl”) və s.

 

29 avqust 1890 – Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890–1967) Bakının Maştağa kəndində anadan olub.

29 avqust 1929 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (1929 – 17.12.1987) Şamaxıda doğulub. “Bakı ritmləri”, “Kəpəz” və b. tabloların müəllifidir. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbəri (1981–1987) olub.

29 avqust 1960 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 – 15.06.1992) anadan olub.

29 avqust 1965 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880 – 1965) vəfat edib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

 

30 avqust 1946 –  Xalq artisti, tanınmış radio diktoru Qarasim Əbdülhəsən oğlu Tağızadə (1946 – 4.3.2018) Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Azərbaycan Radiosunun diktorlar şöbəsinə rəhbərlik edib.

30 avqust 1996 – Bakıda, Respublika Sarayında görkəmli şair Əliağa Vahidin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev yubiley mərasimində iştirak edib.

30 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (28.12.1941 – 2000) vəfat edib. “Mədəniyyət” qəzetinin ilk baş redaktoru (1991–2000) olub. Kitabları: “Sevgi borc verilməz”, “Ona yanıram ki”, “Haqqa pəncərə” və s.

 

Dünya

 

28 avqust 1749 – Alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 – 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.

28 avqust 1867 – İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867–1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

28 avqust 1925 – Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqatski (1925–1991) anadan olub. Qardaşı Boris Struqatski (1933–2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb.

 

29 avqust 1862 – Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911) Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck; 1862–1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” (pyeslər), “Güllərin idrakı”, “Arıların həyatı” (fəlsəfi pritçalar) və s.

29 avqust 1903 – Məşhur rus aktyoru Andrey Fayt (1903–1976) anadan olub. “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə”, “Bir qalanın sirri” filmlərində çəkilib.

29 avqust 1915 – İsveç aktrisası, üç dəfə “Oskar” laureatı İngrid Berqman (Ingrid Bergman; 1915 – 29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.

29 avqust 1920 – Amerika caz musiqiçisi Çarli Parker (Charlie “Bird” Parker; 1920–1955) anadan olub.

29 avqust 1958 – Dünyaşöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958–2009) anadan olub.

 

30 avqust 1748 – Fransız rəssamı Jak Lui David (Jacques-Louis David; 1748–1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.

30 avqust 1860 – Rus rəssamı İsaak İliç Levitan (1860–1900) anadan olub. Peyzaj ustası kimi tanınıb.

Hazırladı: V.Orxan