Romada mənzilə oğurluğa gələn şəxs həm də bərk mütaliəçi imiş. Yunan mifologiyası haqqında kitaba marağı bu dəfə onu həbsə götürüb.
“Wanted in Rome” nəşri yazır ki, mənzilin 71 yaşlı sahibi yuxudan oyananda tanımadığı bir kişinin çarpayıda oturub qədim mifologiyaya dair kitab oxuduğunu görüb. 38 yaşlı italyan açıq eyvandan bu mənzilə girib və onu qarət etmək istəsə də, əvvəlcə diqqətini kitablar çəkib.
Mənzil sahibi polisə müraciət edib və oğru cinayət başında yaxalanıb. Yaxalandığı zaman onun çantasından həmin gecə başqa bir mənzildən oğurladığı dizayner əşyaları da tapılıb.
Oğrunu bu qədər ovsunlayan kitab isə Covanni Nuccinin “İliada” eposu haqqında tədqiqatı olub. Müəllif “İliada”nı tanrılar nöqteyi-nəzərindən araşdırır və müasir hadisələri məşhur qədim epos prizmasından dərk etməyi təklif edir.
C.Nucci kitabı ilə bağlı bu xəbərdən çox məmnun olduğunu söyləyib. İndi yazıçı oğrunu tapıb ona bir nüsxə vermək istəyir ki, kitabı axıra qədər oxusun.