Minlərlə insan ötən həftəsonu Niderlandda qırmızı saç rəngini qeyd etmək üçün Tilburq şəhərində keçirilən ənənəvi “Redhead Days” festivalına toplaşıb.

Festivala müxtəlif ölkələrdən fotosessiyalar, görüşlər və müxtəlif ustad dərslərində iştirak etmək üçün qeydiyyatdan keçən 10 mindən çox insan qoşulub.

Festivalın yaranması 2005-ci ildə gənc niderlandlı həvəskar rəssam Bart Ruvenhorstun sərgi hazırladığı və bir sıra portretlər üçün qırmızı saçlı modelləri reklam etdiyi zamana təsadüf edir. Yerli “Brabants Dagblad” qəzetindəki elanın köməyi ilə o, 150 modeldən müsbət cavab alıb. Onlardan imtina etmək çətin olduğu üçün o bütün modellərə kollektiv şəkil çəkdirməyi təklif edib.

Bundan sonra bir çox kürənlər Bartdan ikinci görüş təşkil etməyi xahiş edib, bu da sonradan festivala çevrilib. İndi o, festivalın direktorudur.

2013-cü ildə təbii qırmızı saçlı insanların ən böyük toplantısının (1672 nəfər) qrup şəkli “Ginnesin rekordlar kitabı”na düşüb. O vaxtdan da festival ənənəvi olaraq qrup şəklinin çəkdirilməsi ilə başa çatır.