Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümünü sentyabrın 21-də açacaq.

Gündüz seansında teatrın balacalar üçün hazırladığı “Qaraca qız” (quruluşçu rejissor Cənnət Səlimova), axşam isə “Fiqaronun toyu” (Nicat Kazımov) göstəriləcək. 

İlin sonunadək nəzərdə tutulan plana görə, yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” dramı əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə əsərinə Əməkdar artist Nicat Kazımov quruluş verəcək.

Bundan başqa, uşaqlar üçün Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağılı əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə işini Elşad Rəhimzadə ərsəyə gətirəcək.

Hələ ötən mövsümdə səhnə oxunuşlarına başlanılan “Mən Feyerbaxam” adlı monotamaşa da ilin sonunadək teatrsevərlərə təqdim olunacaq. Əsasən festival üçün nəzərdə tutulan tamaşa alman dramaturqu Tankert Dorstun eyniadlı pyesi əsasında hazırlanır. Nümunənin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Monotamaşada Əməkdar artist Şövqi Hüseynov oynayacaq.