Azərbaycan Dövlət Kukla Teatrı da 93-cü mövsümündə yeni tamaşalar vəd edir. Səfər proqramları, sosial-mədəni aksiyalar da nəzərdə tutulub.
Teatrda mövsümü premyera ilə açmaq ənənəsi davam edir. Sentyabrın 20-də “Lokomotiv və vaqonlar” tamaşasının ilk nümayişi olacaq. Sevinc Elsevərin eyniadlı pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalovdur.
Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.
Səhnə əsərində Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər.
Baş rejissor Anar Məmmədovun dediyinə görə, ötən mövsümdə (aprel) Türkiyədə III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalına qatılan yaradıcı heyət yeni mövsümdə də bu sənət bayramına dəvətlidir. Qardaş ölkə kuklaçıları ilə birgə Molla Nəsrəddin lətifələri əsasında tamaşa üzərində də iş başlanıb.
Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında imzalanan əməkdaşlıq memorandumu əsasında klassik nağıl nümunələrimizdən birini gürcü rejissor Nikoloz Sabaşvilinin quruluşunda görəcəyik.
İlin sonunadək cari repertuar planına uyğun olaraq, “Bir gün Şamaxı xanlığında” (müəllif Əliheydər Məmmədov, rejissor Anar Məmmədov), “Nənəmin aş qazanı” (müəllif və rejissor Səidə Haqverdiyeva), eləcə də plandankənar Üzeyir Hacıbəylinin felyeton və novellaları əsasında böyüklər üçün “Ordan-burdan” tamaşaları hazırlanacaq.
Plandankənar daha bir tamaşa teatrın rus bölməsi üçün seçilib. Belarus dramaturqu Dmitri Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsərinə teatrın baş rejissoru A.Məmmədov quruluş verəcək.