Xalça Muzeyinin yeni binada fəaliyyətinin 10 ili tamam oldu

 

Avqustun 26-da Azərbaycan Milli Xalça Muzeyinin yeni binada fəaliyyətə başlamasının 10-cu ildönümü tamam oldu.

Həmin gün bu münasibətlə muzeydə “Qədim sənətin müasir məkanı” adlı tədbir keçirildi.

Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova açdı. O, muzeyin fəaliyyətindən bəhs edərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkənin mədəni irsinin inkişafı və qorunmasında göstərdiyi töhfəyə görə minnətdarlığını bildirdi.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov əlamətdar gün münasibətilə muzeyin əməkdaşlarına təbriklərini çatdırdı. Bildirdi ki, 1972-ci ildən İçərişəhərdə yerləşən ilk ekspozisiyasından bu günə kimi muzeyin əməkdaşları fədakar, yorulmaz əmək nümayiş etdiriblər.

Sonra C.Səlimxanov nazirliyin fəxri fərmanını Əminə Məlikovaya təqdim etdi.

Muzeyin orijinal üslublu binasının memarı avstriyalı mütəxəssis Frans Yans qonaqlara müasir Bakının simvoluna çevrilən tikilinin ərsəyə gəlməsindən söz açdı, peşə təcrübəsini və təəssüratını bölüşdü.

Tədbirdə həmçinin binanın 10 illiyi üçün ziyalıların, incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə ərsəyə gələn “Xalça mənim üçün...” videolayihəsi təqdim olundu. Layihənin ideya müəllifi Əminə Məlikova, rejissoru Cavid İmamverdiyevdir.

Yubiley ilində öz tarixi vətəninə qaytarılan, muzeyin kolleksiyasını daha da zənginləşdirən XIX–XX əsrlərə aid Şirvanın “Paşalı” kilimi, Qazaxın “Şıxlı”, Qarabağın “Açma-yumma” və “Bəhmənli” xalçaları ilk dəfə nümayiş etdirildi.

Bu unikal xalça nümunələri kolleksiyaçılar Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasi (Almaniya) tərəfindən muzeyə təqdim olunub.

Tədbir tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın “Caz naxışı” adlı konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, 2007-ci ildə Prezident İlham Əliyev Azərbaycan Milli Xalça Muzeyi üçün ayrıca binanın tikilməsi haqqında sərəncam imzalayıb. Bu irimiqyaslı layihə Azərbaycan xalça sənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib.

2014-cü il avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən binada fəaliyyət göstərən muzey hazırda ölkəmizdə ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir.

Xatırladaq ki, Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılıb. Ekspozisiyanın açılış mərasimində Ümummilli lider Heydər Əliyev də iştirak edib. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və kolleksiyasını genişləndirmək imkanı əldə edib. 1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürülmüşdü.

Lalə Azəri