Salyan rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ustad dərsi təşkil olunub. Rəsm dərnəyinin rəhbəri İlham İsayev balaca rəssamlarla yaradıcı söhbətlər aparıb, dərnək üzvləri sərbəst mövzularda qrafik, akril, sulu boya texnikalarında bacarıqlarını nümayiş etdiriblər. Sonda fərqlənən üzvlərə sertifikatlar təqdim olunub.

***

Neftçala rayon Mərkəzi Kitabxanasında “Ana dilimizin saflığı” layihəsinin təqdimatı keçirilib. “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin təqdim etdiyi layihə çərçivəsində keçirilən görüşdə mədəniyyət işçiləri, söz adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda Ulu öndər Heydər Əliyevin ana dilimizə tükənməz sevgisindən söhbət açılıb, şair və yazıçıların dilimizə gətirdiyi yeniliklərdən danışılıb.

***

Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Təbiətin keşiyində” adlı günərzi yay düşərgəsi keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” təşkil olunan düşərgədə 10-16 yaşlı 50-dən çox şagird iştirak edib. Üç hissədən ibarət olan düşərgədə gənclərin dünyagörüşü və intellektual səviyyəsini inkişaf etdirmək məqsədilə müxtəlif rubrikalar təqdim edilib, əyləncəli oyunlar keçirilib. Sonda seçilən iştirakçılar təşəkkürnamə və hədiyyələrlə təltif ediliblər.

***

Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala Folklor evi və Məmmədsadıq Əliyev adına Şəki şəhər Diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə “Muğam ruhun qidasıdır” mövzusunda konsert keçirilib.

Mədəniyyət işçiləri, qazilər və turistlərin izlədiyi konsertdən öncə muğam sənəti haqqında məlumat verilib, dövlətimizin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb. Sonra incəsənət nümayəndələrinin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, muğama aid şeirlər söylənilib.