Ağdam rayonunda cəsur əsgər Rahib Məmmədovun (1967–1987) xatirəsi anılıb. “Unudulmaz qəhrəman” adlı tədbirdə şəhid ailələri, veteranlar, mədəniyyət və təhsil işçiləri, məktəblilər, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Rahib Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısında qoyulan büstünün önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Bildirilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində onun adına “Döyüş şöhrəti” muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. İştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.