Xızıda “Cəfər Cabbarlı günü” qeyd edildi

 

Cəfər Cabbarlının Ev-Muzeyinin (Bakı) və “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ədibin Xızı şəhərində yerləşən ev-muzeyində “Cəfər Cabbarlı – ədəbiyyatımızın böyük sənət fədaisi” adlı tədbir keçirildi.

Tədbir ictimai birliyin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində təşkil edilmişdi.

Paytaxtdan gedən elm və mədəniyyət xadimləri və Xızı rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Cəfər Cabbarlının abidəsini ziyarət edib, önünə çiçək dəstələri qoydular.

Sonra tədbir ədibin ev-muzeyində davam etdi.

“C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İB-nin sədri Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı layihə haqqında qısa məlumat verdi.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Mövsüm Bağırov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Cabbarlı irsinin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasında teatr şöbəsinin müdiri Əməkdar müəllim Hicran Sadıqzadə, Əməkdar artist Hüsniyyə Mürvətova, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Cabbarlının Xızıdakı ev-muzeyinin direktoru Həcər Rəsulova və başqaları çıxış etdilər.

Tədbirin bədii hissəsində Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş maraqlı proqram təqdim edildi.

Bakı Bələdiyyə Teatrının aktrisası H.Mürvətova C.Cabbarlı poeziyasından nümunələr söylədi. Əməkdar artist, instrumental ifaçı (qanun)  Rəşad İlyasov Cabbarlının şeirlərinə yazılan bir neçə mahnını səsləndirdi. İncəsənət Gimnaziyası teatr şöbəsinin şagirdləri dramaturqun əsərlərindən parçaları ifa etdilər.

Yasamal rayon MKS-nin Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, İncəsənət Gimnaziyasının müəllimi Nurlan Rzayev və həmin təhsil ocağının şagirdi Rəhimə Mənsimzadə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin fəxri fərmanı ilə təltif olundular.

Lalə