Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi 19–25 avqust tarixlərində Cənubi Koreyada keçirilən sənədli film festivalı – 21-ci “EBS International Documentary Festival”da Qran-pri qazanıb. Bu barədə rejissor özü məlumat verib.
2024-cü ilin istehsalı olan tammetrajlı sənədli filmin ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.
Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq istəyir. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar...
Ekran əsəri bundan öncə Almaniyada (Köln) operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında yer almışdı. WDR və ZDF teleradio şirkətləri tərəfindən dəstəklənən müsabiqədə “Kinomexanikin qayıdışı” “Təsvir həllinə görə” nominasiyasında (operator Daniel Quliyev) fərqlənmişdi.
Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq, kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar. Bunun üçün kənd sakinlərini kino ekranı üçün yer tikməyə inandırmaq, köhnə proyektorları təmir etmək, rəhbərlikdən icazə almaq və s. lazımdır...