Özbəkistanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edirəm: siz bu barədə daha çox, daha ucadan danışmalı və onu əhalimizə çatdırmalısınız. Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu sözləri avqustun 23-də Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin əhəmiyyətindən bəhs edərkən deyib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22-23 avqust tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri edib. Səfərin ikinci günü dövlət başçılarının məhdud görüşündən və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının birinci iclasından sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olub.

Sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

 

Prezident Şavkat Mirziyoyevin bəyanatından

 

Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik.

Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın – Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq.

Biz, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir.

Biz Özbəkistanda qardaş Azərbaycanın böyük uğurlarına və nailiyyətlərinə ürəkdən sevinirik. Qədim Qarabağ torpağı inkişaf və tərəqqi diyarına çevrilir. Mən özüm Füzulidə, Şuşada olarkən tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüm. Evlər, məktəblər, xəstəxanalar inşa edilir. Yəni, demək istəyirəm ki, insanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Onlar bu günü illərlə, on illərlə gözləyiblər, – biz İlham Heydər oğlu ilə onlarla görüşərkən, mən bu sakinlərin gözlərində evlərinə qayıtmağın sevincini gördüm. Məhdud tərkibdə görüşdə razılığa gəldik ki, bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik.

Azərbaycan bizim mühüm strateji tərəfdaşımız və bu gündən etibarən artıq həm də müttəfiqimizdir. Bizi ortaq tarixi köklər, çoxəsrlik dostluq birləşdirir, biz bir dinə və oxşar mədəniyyətə, ənənələrə malikik. Bütün bunlar hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmindir.

Razılığa gəldik ki, növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edək. Bu ərəfədə biznes-forum məhsuldar şəkildə keçirildi, onlarla müqavilə və saziş imzalandı. Bu gün bizim biznes nümayəndələri ilə ayrıca görüşümüz (Prezidentlərin iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü avqustun 23-də keçirilib – red.) olacaq. Birlikdə mühüm layihələrə start verəcəyik – bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının istehsalı və digərləridir.

Biz, həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam etdirəcəyik. May ayında Quba şəhərində regionların forumu uğurla keçirildi. Növbəti forumun gələn il Kokand şəhərində keçirilməsi, paytaxtlarda turistik komplekslərin yaradılması qərara alındı.

 

“Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi xoş ənənəyə çevrilib”

 

Mədəniyyət, gənclər, informasiya siyasəti, elm, təhsil və idman sahələrində fəal mübadiləni davam etdirəcəyik. Hər il ölkələrimizdə qarşılıqlı mədəniyyət və kino günlərinin, sərgilərin, yaradıcı kollektivlərin qastrollarının keçirilməsi xoş ənənəyə çevrilib. Belə tədbirlərin tez-tez bizim əhalinin böyük hissəsinin yaşadığı regionlarda keçirilməsi çox vacibdir. Bu gün, həmçinin bizim əfsanəvi ulduzlarımız Fərrux Zakirov və Polad Bülbüloğlunun çıxış edəcəkləri birgə konsert olacaq. Onların geniş şəkildə tanınması və yüksək qiymətlərinin əlaməti olaraq biz hörmətli İlham Heydər oğlu ilə bu yaxınlarda onlara Xalq artistləri fəxri adının verilməsinə dair qərar qəbul etdik.

Ümumiyyətlə demək istəyirəm ki, etimada əsaslanan danışıqların nəticəsindən çox məmnunam, çünki bu gün də, dünən də bir çox beynəlxalq, regional, ikitərəfli məsələləri çox ciddi müzakirə etdik. Demək istəyirəm ki, bizim mövqelərimiz üst-üstə düşür. Bütün məsələlər üzrə razılığa gəldik. Bizim mövqelərimiz eynilə ondan ibarətdir ki, bütün platformalarda əməkdaşlıq edəcəyik, qarşılıqlı münasibətlərimizi birlikdə inkişaf etdirəcəyik.

 

Prezident İlham Əliyevin bəyanatından

 

Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etmişəm. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik.

Bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu ən yaxşı göstəricidir. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib.

Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə, həqiqətən də, münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Ona görə də bu hadisə ölkələrimizin ictimaiyyəti tərəfindən çox düzgün qiymətləndirilməlidir fikrinə mən də qoşuluram.

 

Xankəndidə yaradılan müəssisə dostluğumuzun daha bir rəmzidir

 

Şavkat Miromonoviç də artıq bu barədə danışdı, bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə –  istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən məktəbin açılışında olduq.

Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun. Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır.

Bu gün biz əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə işimizi müzakirə etdik. Yəqin ki, bunun üçün bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq.

Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik.