Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bülletenlərin dairə seçki komissiyalarına paylanılması avqustun 26-da başa çatıb.
Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək.
Qeyd edək ki, MSK-nın müvafiq qərarı ilə ümumilikdə 6 milyon 516 min 567 seçki bülleteni çap olunub.
Milli Məclisə seçkilərdə namizədlərin sayı isə 990-a düşüb. Xatırladaq ki, 125 dairə üzrə seçkilərdə iştirak etmək üçün 1052 namizəd qeydə alınmışdı. Bir sıra dairələr üzrə ümumilikdə 61 nəfər namizədliyini geri götürüb. Bir nəfər namizəd dünyasını dəyişib.
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə 42 mindən çox seçici səs verə bilər.
Seçkiləri müşahidə etmək üçün 50 beynəlxalq qurumdan və 69 ölkədən 604 nəfər akkreditə olunub. O cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 227 nəfər, ATƏT PA-dan 61, MDB Parlamentlərarası Assambleyasından 34, Müstəqil Dövlətlər Birliyindən 93, Türk Dövlətləri Parlament Assambleyasından (TÜRKPA) 16 nəfər akkreditə olunub.
Akkreditasiyadan keçən yerli müşahidəçi sayı isə 111 mindən çoxdur. O cümlədən 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydə alınıb.