Laçın Şəhəri Günü ikinci dəfə qeyd olundu – dosta sevinc, düşmənə gözdağı
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olundu.
Tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdilər.
Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, “Lacinema” kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşdi.
Bayraq meydanında təşkil edilən açılış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov növbəti Laçın Şəhəri Günü münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik etdi. Qeyd olundu ki, bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təqvimimizə daxil edilib. “Otuzillik işğal dövründə düşmən Laçın şəhərini xarabalığa çevirmişdi. Laçının azad olunmasından qısa dövr ərzində burada genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Hazırda Laçın şəhərinin əvvəlki əzəməti bərpa edilir”, – deyə M.Məmmədov bildirdi.
Digər çıxış edənlər Laçının füsunkar təbiətindən söz açdı, bayram münasibətilə şəhər sakinlərinə xoş arzularını çatdırdılar.
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa edildi. Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının “Lacinema” kinoteatrına yürüşü oldu.
Sərgilər, film nümayişləri
“Lacinema” kinoteatrında “Laçınım mənim” adlı rəsm sərgisi və “Zamanın qanadlarında. Laçın” fotosərgisi nümayiş olundu.
Günorta saatlarında qonaqlar “Şuşa, sən azadsan!” sənədli filmini izlədilər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsal etdiyi filmin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilir. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanın işğaldan azad edilməsində əvəzsiz rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
Günün ikinci yarısında isə kinoteatrda “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” və “Mənim balaca şahzadəm” animasiya filmləri nümayiş etdirildi.
Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan “Oğurlanmış Bahar” filminin quruluşçu rejissoru Aleksandra Şirinova, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Mansur Şəfiyevdir. Filmdə Bahar qızı Div tərəfindən oğurlanır. Balaca qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaçırlar. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir...
“Tıq-tıq və dostları möcüzələr axtarışında” ikihissəli animasiya filmi də Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib. Filmin qəhrəmanları bölgələrimizə səyahət edirlər, başlarına qeyri-adi hadisələr də gəlir. Filmdə maarifləndirici məlumatlar da diqqətə çatdırılır. Ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.
“Mənim balaca şahzadəm” animasiya filmində rəssam Məryəm Ələkbərlinin fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinə həsr etdiyi tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Xalq yazıçısı Elçin, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur. “Mənim balaca Şahzadəm” Türkiyə, Banqladeş, Pakistan və Cənubi Koreyada festivallarda nümayiş olunub.
Səhnə əsərləri, ustad dərsləri
Laçında bayram şöləni çərçivəsində şəhərdəki seyrəngahda xalq tətbiqi sənəti üzrə ustad dərsləri də təşkil olundu. Şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məlumat verildi, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirildi.
Daha sonra “Qoçdaş” interaktiv sərgisi nümayiş etdirildi. Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımız əsasında səhnəciklər göstərildi, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı keçirildi.
Bundan başqa, Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızıpapaq” tamaşası nümayiş olundu. Yevgeni Şvartsın eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşaya rejissor Əməkdar artist Loğman Kərimov quruluş verib. Musiqi tərtibatçısı Azad Məmmədov, quruluşçu rəssamı Valeh Məmmədovdur. Rolları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə ifa edirlər.
Tamaşa doğma yurda qayıtmış laçınlı uşaqlar tərəfindən böyük maraqla qarşılandı.
İlmələrdə yaşadılan milli-tarixi yaddaş
Laçın Şəhəri Günü tədbirlərinin daha bir ünvanı Həkəri çayının sahili idi. Mədəniyyət naziri Adil Kərimli burada əlamətdar gün münasibətilə təşkil edilən sərgilərlə tanış oldu.
Sonra “Can Laçın” yarmarkası – bölgəyə məxsus mətbəx nümunələrinin təqdimatı oldu. Eyni zamanda uşaqlar üçün əyləncəli tədbirlər – çərpələng uçurtma, maska, şar və torba oyunları, “face art” və s. keçirildi. Uşaq yazarları Sevinc Nuruqızı və Solmaz Amanova ilə uşaqların görüşü oldu, viktorinalar təşkil edildi.
Şəhər gününün ən yaddaqalan mərasimi isə “Ata vəsiyyəti – oğul Zəfəri” və “Bir millət, iki dövlət” adlı xalçaların hanadan kəsimi oldu.
“Ata vəsiyyəti – oğul Zəfəri” xalçası Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevə “Qarabağ vəsiyyəti” əsasında toxunub. “Bir millət, iki dövlət” xalçası isə Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı haqqındakı “Bir millət, iki dövlət” müdrik kəlamı əsasında hazırlanıb. Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid “Əjdahalı” xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib. Xalçaların müəllifi Elnarə Rəsulovadır.
***
Daha sonra tədbir çərçivəsində “poeziya saatı” təşkil edildi. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə gerçəkləşən tədbirdə ilk olaraq yeni çapdan çıxmış “Laçın – 100” ədəbi antologiyasının təqdimatı oldu. Toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 (1924–2024) illiyinə həsr edilib. Nəşrdə indiki Laçın ərazisində yazıb-yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığı ilə açılır.
XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi saz-söz adamlarının yaradıcılığından nümunələr də kitabda yer alıb.
Təqdimatdan sonra laçınlı yazarlar Şərif Ağayar, Səddam Laçın, musiqiçilər – Əməkdar artist, xanəndə Ehtiram Hüseynov, həmçinin Xəyal Hüseynov, Aşıq Sahil, Aşıq Afil və digərləri bədii proqramla çıxış etdilər.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında “Sarı Aşığın hekayəti” adlı teatral kompozisiya təqdim olundu.
Qala-konsert və atəşfəşanlıq
Avqustun 26-da axşamüstü Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala-konserti keçirildi.
Rəsmilər, tanınmış mədəniyyət nümayəndələri, Laçın sakinləri və digər qonaqlar konserti izlədilər.
Əvvəlcə böyük ekranda Prezident İlham Əliyevin Laçına səfəri və şəhər sakinləri ilə görüşünü əks etdirən kadrlar nümayiş olundu.
Musiqi şölənində Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok” qrupu, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış etdilər.
Məhəbbət Kazımovun “Laçınım”, “Dağlar boyda dağım var”, Aydan Əliyevanın “Gözəl Azərbaycan”, Rauf Məmmədovun “Yaşa, Azərbaycan!”, Oqtay Kazıminin “Ey həyat, sən nə qəribəsən?”, Emin Sabitoğlunun “İncəbellim”, Elza Seyidcahanın “Laçınımın dağlarında”, Ələkbər Tağıyevin “El yolunda”, Bəhram Nəsibovun “Anadır arzulara”, Telman Hacıyevin “Vətən süitası” və Xanım İsmayılqızının “Sən qalibsən!” mahnıları səsləndirildi.
“İncilər” kompozisiyası, “Cəngi” rəqsi, “Xalq bayatıları”, “Misri” aşıq havası, “Uzundərə” xalq rəqsi, “Ay Laçın” xalq mahnısı və “Şur” təsnifi də ifa edildi.
Daha sonra respublika və beynəlxalq müsabiqələr laureatı, gənc tarzən İbrahim Babayevin solo çıxışı oldu. O, xalq mahnısı “Unuda bilmirəm”, Azərbaycan muğamının müasirliklə sintezi olan “MuğaMix”, “Səmada rəqs” və digər musiqi nömrələrini ifa etdi.
Bütün çıxışlar böyük coşqu ilə qarşılandı, tamaşaçılar tərəfindən gur alqışlarla mükafatlandırıldı.
Laçın Şəhəri Günü tədbirlərinə dosta sevinc, düşmənə gözdağı olan möhtəşəm atəşfəşanlıqla yekun vuruldu. Azad şəhərin səması rəngbərəng işıqlara büründü.
Beləcə, növbəti dəfə təntənə ilə qeyd olunan Laçın Şəhəri Günü unudulmaz anlarla tarixə qovuşdu.
Nurəddin Məmmədli
Bakı-Laçın-Bakı