Merilin Monro, Elvis Presli, Ceksonlar ailəsi, Prins, Riçard Raundtri, Eva Qardner, Rakel Uelç, Ceff Qordon, Li Qrinvud, Elizabet Montqomeri, Elizabet Teylor və digərlərinin nadir musiqi və film kolleksiyaları, habelə bəzi şəxsi əşyaları bu həftəsonu hərraca çıxarılacaq.
“Kruse GWS” hərrac evinin saytı xəbər verir ki, “Hollivud və musiqi əsərləri” hərracında 400-ə yaxın lot təqdim olunur.
Auksionun aparıcısı Bricit Kruz deyib ki, bu hərrac insanlarda, həqiqətən, emosional hisslər doğuracaq. Burada faciə elementi də var, çünki əfsanəvi şəxslər bizi çox erkən tərk edirlər.
Lotlara Elvis Presliyə məxsus bir neçə əşya, o cümlədən ifaçının Las-Veqasdakı iqamətgahından bir mikrofon, 1977-ci ilin martına aid bir şüşə həb və 35–60 min dollara satılacağı təxmin edilən iki unikal qızıl üzük daxildir.
Kruz 1977-ci ildə vəfat edən “rock-n-roll” kralına məxsus zinət əşyalarının hələ də dünyada ən unikal artefaktlardan biri olduğunu deyib.
Avqustun 31-də keçiriləcək onlayn hərrac canlı yayımlanacaq.