Sankt-Peterburqda mədəniyyət festivalı da nəzərdə tutulub
Bu ilin oktyabrında Kazanda (Tatarıstan, RF) keçiriləcək BRICS sammiti ərəfəsində bir sıra mədəniyyət tədbirləri də nəzərdə tutulub. Rusiyanın BRICS-ə sədrliyi çərçivəsində tərtib olunmuş proqram üzrə belə tədbirlərdən biri 28–30 avqust tarixlərində Tatarıstan paytaxtında təşkil olunan caz festivalıdır.
“Diksiland Konqresi və BRICS ölkələrinin etno-caz ansamblları” festivalının (Festival “Congress of Dixielands and Ethno-jazz Ensembles from BRICS Countries”) saytında yer alan məlumata görə, iştirakçılar arasında Rusiya, Türkiyə, Efiopiya, Çin, Hindistan, Braziliya, Kuba, İran və başqa ölkələrin nümayəndələri var. Festivalın proqramına 20-dən çox qrupun – 200-dən çox rus və xarici ifaçının iştirakı ilə konsertlər, həmçinin caz filmlərinin nümayişi daxildir.
Qeyd olunur ki, caz festivalı ilk dəfə Rusiya tərəfindən BRICS sammitinin mədəni tədbirlər proqramına salınıb və bu formata üzv ölkələrin musiqi mədəniyyətini və özünəməxsus caz sənətini təbliğ etmək və tanıtmaq məqsədi daşıyır.
Layihə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən “Rusiya Federasiyasının 2024-cü ildə sədrliyi dövründə BRICS platforması çərçivəsində Fəaliyyət Planı”na daxil edilib.
Xatırladaq ki, BRICS onu təsis edən ilk beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə (Brazil, Russia, India, China, South Africa) uyğun olaraq belə adlanır.
Bu formatın əsası 2006-cı ildə Sankt-Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə qoyulub. Dörd dövlət başçısının iştirakı ilə BRIC adı altında ilk sammit 2009-cu ildə Rusiyada (Yekaterinburq) keçirilib. 2011-ci ildə, üçüncü sammitdə Cənubi Afrika bu formata üzv olub və o, indiki adını alıb.
2023-cü ildə isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Efiopiya və Argentina bu birliyə qoşulub. Hazırda təşkilatın 11 üzvü var.
Azərbaycan da BRICS-ə üzv olmaq üçün ərizə verib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Gözlənilir ki, ölkəmizin müraciətinə Kazan sammitində baxılacaq.
Xatırladaq ki, 2024-cü il iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”sində Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi bunu dəstəkləyib.
Kazan şəhərində XVI BRICS sammiti 22–24 oktyabr tarixlərində keçirilməlidir.
Bu ərəfədə Rusiyanın BRICS-ə sədrliyi çərçivəsində, həmçinin “BRICS İqlim Gündəliyi Forumu” (29-30 avqust, Moskva), “BRICS Yaradıcı İnnovasiyalar Forumu” (3-6 sentyabr, Vladivostok), BRİCS ölkələri mədəniyyət nazirlərinin görüşü (11 sentyabr, Sankt-Peterburq), “BRİCS Mədəniyyət Festivalı” (12 sentyabr, Sankt-Peterburq), “BRICS Media Sammiti” (13-17 sentyabr, Moskva) və s. tədbirlər nəzərdə tutulub.